Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

    Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. İndiki Xəzər rayonunun yaşayış məntəqələri 1921–1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən “Qala-Maştağa inzibati rayonu” nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırki Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyinə qatılır. 1966-cı ildə “M.Əzizbəyov adına rayon” inzibati ərazi vahidliyi təsis olunur. 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək “Xəzər” adlandırlmışdır. O vaxt rayonun ümumi ərazisi 403,6 kv.km., yaşayış məntəqələrinin sayı isə 12 idi: Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Türkan, Pirallahı, Gürgan, Çilov və Neft Daşları. Rayon əhalisinin ümumi sayı isə 212 800 nəfər təşkil edirdi.    

   Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ №-li Qanunu qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 2013-cü il 17 yanvar tarixində “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ №-li Qanunun tətbiqi barədə sərəncamına əsasən fəaliyyətə başlayan yeni Pirallahı inzibati rayonu Bakı şəhərinin sayca 12-ci rayonu olur. Yeni rayon Xəzər rayonunun 4 qəsəbəsi əsasında formalaşdırlmışdır. Bunlar Pirallahı, Gürgan, Çilov və Neft Daşları adlı yaşayış məntəqələridir.
     Hal-hazırda 8 yaşayış məntəqəsini (Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Türkan) özündə birləşdirən Xəzər rayonunun ərazisi 336,86 kv.km., əhalisinin sayı isə 166200 nəfərdir. Əhalinin 153 541 nəfərini, yaxud 93,9 faizini azərbaycanlılar təşkil edir. Rayonda Xəzər Rayon İcra Hakimiyyəti, Milli Aviasiya Akademiyası və Polis Akademiyası, Dendrologiya İnstitutu və dendrologiya parkı, 29 tam orta məktəb, 1 orta məktəb, 3 gimnaziya, 6 internat məktəb, 23 uşaq bağçası, 3 özəl bağça, 10 Mədəniyyət sarayı və mədəniyyət evi, 7 ktabxana, 19 istirahət və xatirə parkları, 8 qəsəbə nümayəndəliyi, 8 qəsəbə bələdiyyəsi, fəaliyyət göstərən 39 sənaye müəssisəsi, Xəzər rayon Telefon Qovşağı, Xəzər rayon Su-Kanal Departamenti, Mərkəzi Poçt, Rayon baytarlıq sahəsi, 22 müalicə-profilaktika müəssisəsi, 2 psixo-nevroloji xidmət müəssisəsi və s. mövcuddur. Bundan əlavə rayon ərazisində 18851 məcburi köçkün, 149 şəhid ailəsi, 182 Qarabağ müharibəsi əlili, 5 “20 Yanvar” şəhid ailəsi, 14 “20 Yanvar” əlili, 27 Çernobıl AES əlili, 8 Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 642 Qarabağ müharibəsi veteranı, 1 Milli qəhrəman qeydə alınmışdır.

Keçidlər