Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlar

İBRAHİMOV NURƏDDİN İSLAM oğlu                                          

16 mart 1951-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində doğulmuşdur. 1969-cu ildə buradakı 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına          çağırılmışdır. Hərbi xidmətdən  sonra Bakı Aqreqatlar Zavodunun texniki nəzarət şöbəsində əmək fəaliyyətinə başlamışdır. 1975-ci ilin iyulunda komsomol              çağırışı ilə BAM-a işləməyə gedir. 1978-ci ildə İrkutsk şəhər Daxili İşlər İdarəsində işə qəbul olunur. Milis sisteminə olan hədsiz həvəsi onu 1981-ci ilin                      mayında SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk şəhər Ali Milis Məktəbinə gətirib çıxarır. O, 1982-ci ildə İrkutsk şəhərində baş sahə inspektoru vəzifəsinə               təyin olunur. N.İbrahimov 1986-cı ildə hüquqşünas ixtisası üzrə ali təhsilini müvəffəqiyyətlə başa vurur. N.Ibrahimov 1986-cı ildə “Əla xidmətə görə” medalı               ilə təltif olunur. 1988-ci ildə onu daha bir məsul vəzifəyə - cinayət axtarışı şöbəsinin rəisi vəzifəsinə təyin edirlər. 1989-cu ildə o, İrkutsk Şəhər Sovetinə                     deputat seçilir.1990-cı ildə Vətənin başının üstünü qara buludlar alan zaman o, Azərbaycana qayıdır. Elə həmin il Laçın RDİŞ-nə sahə müvəkkili göndərilir.             Burada gedən döyüşlərdə fəal iştirak edir. N.İbrahimov döyüşlərin birində yaralanaraq bir müddət hospitalda müalicə olunur. Zədəsi ciddi olduğuna görə 1991-ci ildə öz işini Bakı şəhər Əzizbəyov RDİŞ-ndə davam etdirməli olur. Nurəddin cəbhə xəttindən uzaqda olmasına baxmayaraq, tez-tez cəbhə bölgələrinə gedir, polis yoldaşlarına yaxından köməklik göstərirdi. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdi. Polis mayoru rütbəsinəcən yüksəlmişdi.Nurəddin İbrahimov 1995-ci il fevral ayının 10-da Binə qəsəbəsində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi qəhrəmanlıq göstərmiş və həlak olmuşdur.Evli idi. Bir qızı yadigar qalıb.Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə İbrahimov Nurəddin İslam oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Buzovna qəsəbə qəbristanlığında dəfn edilib. Buzovna qəsəbəsində küçələrdən biri və buradakı mədəniyyət evi onun adını daşıyır. Mədəniyyət evinin qarşısında büstü qoyulub.

Keçidlər