Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

        "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

     1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
    1.1.Qüvvədə olan qanunvericilik aktlarının "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    1.3. öz səlahiyyətləri daxilində "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il

 -----------------------------------------------------------------------------------------------------------------------------------------

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən və 1896-cı ildə məhşur mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi ümumtəhsil məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün Bakı şəhərinin Xəzər rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2011-ci il

-------------------------------------------------------------------------------------------------------------------------------------------
Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
1. Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha təşkil edən torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Bakı şəhəri Xəzər rayonunun Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdirilsin.
2. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.
3. Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilsin.
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.

------------------------------------------------------------------------------------------------------------------------------------------
“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərinin Pirallahı və Xəzər rayon icra hakimiyyətləri ilə birlikdə “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yeni müəyyən edilmiş sərhədlərdə bir ay müddətində mərzçəkmə işlərinin yerinə yetirilməsini təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2014-cü il.

 -----------------------------------------------------------------------------------------------------------------------------------------

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2016-cı il.

---------------------------------------------------------------------------------------------------------------------------------------

Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılmış, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.
Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan qəsəbələrinin perspektiv su təchizatı layihəsinə uyğun olaraq 54000 nəfər əhalinin fasiləsiz su təminatına imkan verəcək diametri 800 mm , uzunluğu 3,0 km olan magistral su kəmərinin, Mərdəkan qəsəbəsində diametrləri 110- 280 mm , uzunluğu 15,0 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200- 400 mm , uzunluğu 1,9 km olan kanalizasiya şəbəkəsinin, Şağan qəsəbəsində diametrləri 110- 280 mm , uzunluğu 9 km olan paylayıcı su şəbəkəsinin, Şüvəlan qəsəbəsində diametrləri 110- 160 mm , uzunluğu 10,6 km olan paylayıcı su şəbəkəsinin, Binə qəsəbəsində diametrləri 110- 225 mm , uzunluğu 2,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon (beş milyon yeddi yüz səksən min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2017-ci il.

----------------------------------------------------------------------------------------------------------------------------

Xəzər rayonunun Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2018-ci il.

-------------------------------------------------------------------------------------------------------------------------------

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2019-cu il.

--------------------------------------------------------------------------------------------------------------------------------------

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 6,0 (altı) milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2019-cu il.

----------------------------------------------------------------------------------------------------------------------------------------

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2021-ci il.

 

 

Keçidlər