Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Qayıdış

Böyük Qayıdış
Əlaqələndirmə Qərargahı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmışdır. Əlaqələndirmə Qərargahının rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının tərkibində 03 mart 2022-ci il və 16 dekabr 2024-cü il tarixli Sərəncamlarla dəyişiklik edilmişdir.

Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılmışdır.

İdarələrarası Mərkəz çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri, Şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri, Elm, təhsil və mədəniyyət məsələləri, Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri, Hərbi-mülki əlaqələndirmə məsələləri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar məsələləri, Şəhərsalma məsələləri, Ekoloji məsələlər, İqtisadi məsələlər, Enerji təminatı məsələləri, Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili imkanlarının araşdırılması məsələləri və Kommunikasiya məsələləri üzrə ümumilikdə 12 işçi qrupu fəaliyyət göstərir.

Böyük Qayıdışa dair I Dövlət Proqramı

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bərpa və yenidənqurma işləri

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır.

İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat və digər sektorların yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür.

Dövlət başçısı 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak etmiş, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoymuşdur. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını etmişdir.

İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək və əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt və imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye və ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır.

Bunların nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 48 000-dən çox insan yaşayır və fəaliyyət göstərir.

 
 
 
 
Ağdam
Ağdam Ağdam

Ağdam rayonu Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Əsası XVIII əsrdə qoyulan Ağdam şəhəri qədim tarixi məkanlardan biridir. Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbəni, Xanoğlu türbəsini, Pənah xanın türbəsini, Pənah xanın imarətini, iki sandığabənzər abidəni və XV əsrə aid Sərdabəni qeyd etmək olar.

1993-cü il iyulun 23-də Ermənistan tərəfindən işğal olunduqdan sonra rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmiş, çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv edilmiş, zahiri görkəmi süni şəkildə dəyişdirilmişdir.

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də tarixində geri qaytarılmışdır. Məhz bu gün – 20 noyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Ağdam şəhəri günü kimi qeyd edilir.

2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Dövlət başçısının xüsusi diqqəti nəticəsində Ağdamda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər hazırda minatəmizləmə prosesi ilə paralel şəkildə aparılır. Bugünədək dövlət başçısı tərəfindən Bərdə-Ağdam avtomobil yolunun, 110/35/10kV-luq “Ağdam” qovşaq yarımstansiyasının, Xaçınçay su anbarının, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışları reallaşdırılmışdır. Bundan əlavə, Ağdam İmarət Kompleksi, “Aghdam City Hotel”i və “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilmişdir.

Regionun mədəni irsinin qorunması və bərpası istiqamətində mühüm işlər görülmüş, tarix və mədəniyyət, habelə dini abidələr bərpa edilmişdir. Həyata keçirilən layihələr nəticəsində Ağdam Cümə məscidi bərpa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov məscidinin bərpadan sonra açılışında iştirak etmişlər. Bundan əlavə Ağdamın Qiyaslı kəndindəki tarixi məscid də bərpa edilmişdir. Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq Ağdam Muğam Mərkəzi də inşa edilərək istifadəyə verilmişdir.

Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsinə və buraya geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində artıq rezidentlərin sayına görə ölkənin ikincisi olan Ağdam Sənaye Parkında on müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin artıq birinci mərhələsinin açılışı edilmişdir. Dövlət başçısı Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərinin açarlarını təqdim etmişdir. Bundan əlavə, Kəngərli kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının binalarının açılışı baş tutmuşdur. Sosial infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı tədbirlər nəticəsində Ağdam şəhərində 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilmişdir. Bu mühüm layihələrin tamamlanması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə təhsil və uşaq müəssisələrinin yenidən qurulması işlərinin davamlı və yüksək səviyyədə aparıldığının bariz göstəricisidir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak məqsədilə Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etmişlər. 

Qarabağ və Şərqi Zəngəzurda müasir standartlara uyğun yaşayış məntəqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Ağdam şəhərində 2-ci yaşayış kompleksi istifadəyə verilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etmiş və buraya köçən sakinlərlə görüşmüşlər. 

 
 
İşğaldan azad edilmiş ərazilərdə keçirilmiş tədbirlər

İşğaldan azad edilmiş ərazilər mötəbər tədbirlərin keçirildiyi məkana çevrilir. Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhərləri artıq beynəlxalq təşkilatların mədəniyyət paytaxtları seçilir. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və digər şəhərlər bir sıra mühüm, yaddaqalan tədbirlərə ev sahibliyi edir.

Şuşa Qlobal Media Forumu:

Milli Şəhərsalma Forumu:

Dünya Azərbaycanlılarının V Qurultayı:

“Xarıbülbül” festivalı:

Zirvə görüşləri:

Keçidlər