'
2021-ci il ərzində Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair
HESABATI
Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında çox mühüm nəaliyyətlər əldə edilmişdir. Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər, iqtisadi quruculuq sahəsində davamlı artımın təmin edilməsi əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün möhkəm zəmin yaratmışdır.
12 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində iqtisadi artımın 5 faizdən çox olduğunu, qeyri-neft iqtisadiyyatının 7,2 faiz artdığını qeyd etmiş, həmçinin ümumi sənaye istehsalının 5 faizdən çox, qeyri-neft sənayesinin isə 20 faizə yaxın artdığını vurğulamışdır. Ölkə başçısı həmçinin ötən dövrdə ümumi daxili məhsulun, əhalinin pul gəlirlərinin, əhaliyə göstərilən pullu xidmətlərin həcminin artdığını qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrində sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
2021-ci il ərzində 639883,9 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 52 % çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Rayon üzrə istehsal edilmiş sənaye məhsulunun 644759,2 min manatı istehlakçılara göndərilmiş, ondan 637559,5 min manatı isə yerli istehsal məhsulu olmuşdur.
2021-ci il ərzində ticarət şəbəkəsindən əhaliyə 685936,5 min manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,1 % az əmtəə satılmışdır. Satılmış əmtəələrin 25,8 %-i hüquqi şəxslərin, 74,2 %-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
2021-ci il ərzində Xəzər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 164210,9 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 34,2 % az olmuşdur. Tikinti-quraşdırma işlərinin həcmi isə 74827,6 min manat təşkil etmişdir.
2021-ci il ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 3531266,0 min manat həcmində xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,3 % artmışdır.
2021-ci il ərzində iaşə müəssisələrinin ümumi dövriyyəsi 18181,1 min manat olmuşdur. Həcmin 24,8 %-i hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 4663,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Hüquqi şəxslərin fəaliyyəti sayəsində isə əhaliyə 13517,5 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.
Xəzər rayonunda 2021-ci ərzində 894 yeni iş yeri açılmış, əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,3 % artaraq 892,4 manat olmuşdur.
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2021-ci il ərzində xidmət olunan ərazilərdən 97713,5 m3 məişət tullantıları yığılaraq daşınmışdır.
Məcburi köçkünlərin məskunlaşdığı düşərgə və pansionatlar, o cümlədən idarə və təşkilatlar 30025 ton içməli su ilə təmin edilmiş, 7048,5 ton çirkab maye isə xidməti ərazilərdən yığılaraq daşınmışdır.
Xəzər rayonu ərazisində 14 ədəd qeyri-qanuni yaranmış zibilxana sahələri (Buzovna qəsəbəsində 3 yer, Binə qəsəbəsində 4 yer, Qala qəsəbəsində 1 yer, Şağan qəsəbəsində 1 yer, Şüvəlan qəsəbəsində 3 yer və Türkan-Hövsan yolunun daş karxanasına yaxın ərazidə 1 yer, Mərdəkan qəsəbəsində 1 yer) təmizlənərək ləğv edilmişdir.
Yay mövsümündə əhalinin istirahətinin yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar çimərlik ərazisində təmizliyin qorunub saxlanılması və məişət tullantılarının daşınmasına görə çimərlik sahibləri ilə 70 müqavilə bağlanmış, 100 ədəd plastik konteynerlər yerləşdirilmiş və daşınması təşkil edilmişdir.
Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, keçid 1349 ünvanında 4 ha sahədə təmizlik işləri aparılmışdır.
Yaşayış binalarında il ərzində 1044 mənzilin tüstü bacaları və havaçəkmə kanalları təftiş edilərək təmizlənmişdir.
Mənzil fondunun qorunub saxlanılması məqsədilə Birliyin balansında olan 9 ədəd yaşayış binasının dam örtükləri təmir olunmuş, tüstü bacaları bərpa edilmiş, navalçalar yenisi ilə əvəz olunmuşdur.
Eyni zamanda, MKİS-lər tərəfindən yaşayış binalarının dam örtükləri 2025 m2 qarışıq rüberoidlə cari təmir edilmişdir.
Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, 8 saylı binanın 3-cü girişindəki 1-ci mərtəbənin pilləkənləri istismara yararsız vəziyyətə düşdüyündən 130 saylı MKİS tərəfindən təmir edilmişdir.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Birliyin balansında olan yaşayış binalarının girişləri və mərtəbələrarası pilləkənləri, məhəccərləri mütəmadi olaraq dezinfeksiya edilmiş və bu işlər ardıcıl olaraq davam etdirilmişdir.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən rayonun qəsəbələrində geniş miqyasda iməcliklər həyata keçirilmiş, abadlıq və təmizlik işləri görülmüş, həmçinin prospekt və küçələr maşınlarla dezinfeksiya edilmişdir.
1 saylı Xüsusi Təyinatlı MKTB-nin 111 saylı MKİS-nin xidməti ərazisində 2021-ci il ərzində binaların girişləri və ətrafı zibillərdən gündəlik olaraq təmizlənmişdir.
Ərazidə yerləşən 1 yataqxana, 24 yaşayış binasının ətrafı gündəlik təmizlənərək, məişət tullantıları vaxtında daşınmış, sıradan çıxmış zibil konteynerləri təmir olunaraq rənglənmiş, yeniləri ilə əvəz olunmuşdur.
Bundan əlavə, Albalılıq dayanacağı, 7 saylı binanın iki girişindəki liftlər dəyişdirilərək yeniləri ilə əvəz olunmuş, həmçinin, Viktor Seryogin küçəsi 8B ünvanında iki giriş təmir olunmuş, R.İmanov küçəsi, ev 32A saylı binanın girişində pəncərələrin şüşələri dəyişdirilmiş, yeniləri ilə əvəz olunmuşdur.
3 saylı Xüsusi Təyinatlı MKTB-nin 112 saylı MKİS-nin xidməti ərazisində 2021-ci il ərzində küçə və məhəllədaxili ərazilərdə, parklarda iməcliklər təşkil olunaraq abadlıq işləri görülmüşdür.
Koronavirus pandemiyası ilə əlaqədar xidməti ərazidə olan çoxmənzilli yaşayış binaları mütəmadi olaraq dezinfeksiya olunmuşdur. MKİS-nin balansında olan zibil konteynerləri rənglənmiş, zibil meydançalarından iri və kiçik qabaritli tullantılar daşınmışdır.
3 saylı Xüsusi Təyinatlı MKTB-nin 155 saylı MKİS-nin xidməti ərazisində 2021-ci il ərzində məişət tullantıları gündəlik olaraq daşınmışdır.
Bununla yanaşı, ərazidə yerləşən zibil meydançalarındakı dəmir zibil konteynerlərindən 16 ədədi yeni plastmas konteynerlərlə əvəz olunmuş və digər dəmir konteynerlər isə təmir edilmiş, rənglənmiş və yararlı vəziyyətə gətirilmişdir.
Mərdəkan qəsəbəsi, B.Əliyev bina 66,70, 1 məhəllə 6 ünvanında binaların dam örtükləri izoledici materiallar ilə əsaslı təmir edilmişdir. Hər üç binanın fasadı, girişləri, pilləkən qəfəsləri və məhəccərləri rənglənmişdir. Hər birinin giriş qapıları yeni dəmir qapılarla və pilləkən qəfəslərindəki pəncərələr isə yeni plastik pəncərələrlə əvəz olunmuş, o cümlədən pilləkən qəfəslərinin pillələri aqlay daşı ilə üzlənmişdir.
Xəzər rayon Sukanal İdarəsi tərəfindən 2021-ci il ərzində 10500 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 2110 p/m köhnəlmiş su boruları dəyişdirilmişdir. Hesabat dövründə 5113 ədəd su qəzası aradan qaldırılmışdır.
Bundan başqa 37 ədəd “Dalma tipli” su nasosu təmir edilərək saz vəziyyətə gətirilmişdir. Rayon ərazisində 70 ədədi Smart tipli, 2167 ədədi isə mexaniki sayğac olmaqla ümumilikdə 2237 ədəd sayğac quraşdırılmış, 93 ədədi Smart tipli, 8073 ədədi isə mexaniki sayğac olmaqla 8166 ədəd sayğac yeniləri ilə əvəz olunmuşdur.
Rayon ərazisində kanalizasiya xidmətlərinin yaxşılaşdırılması yönümündə də bir sıra işlər görülmüşdür. Kanalizasiya sahəsi üzrə 4825 ədəd qəza və tutulma halları aradan qaldırılmış, binaların zirzəmilərində 690 p/m boru təmir olunaraq yenilənmişdir.
Rayon üzrə 2021-ci il ərzində 8324300 manat həcmində su və kanalizasiya xidmətləri göstərilərək, 9887185 manat müqabilində ödəniş qəbul edilmişdir.
Dövlət proqramına uyğun olaraq “Azərsu” ASC-nin tikinti təşkilatları tərəfindən 3708 p/m su xətti çəkilmişdir.
Görülən işlərin nəticəsi olaraq, hal-hazırda 50753 abonent olmaqla 167485 nəfər əhaliyə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilir.
Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən 2021-ci il ərzində Şağan qəsəbəsində qaz itkilərinin azadılması və qaz təchizatının yaxşılaşdırılması məqsədilə D219 mm-lik 573 p/m, D76 mm-lik 42 p/m uzunluqda qaz xətləri çəkilmişdir. Həmçinin “Yuxarı Şağan” orta təzyiqli qaz xətlərinin əsaslı təmiri işlərinin aparılması ilə əlaqədar D219 mm-lik 598 p/m, D108 mm-lik 200 p/m, D32 mm-lik 267 p/m uzunluqda qaz xətləri çəkilmiş və üzərində 2 ədəd D200 mm-lik siyirtmə quraşdırılmışdır.
Qala qəsəbəsi ərazisində 3 ədəd D100 mm-lik siyirtmə quraşdırılmışdır. Həmçinin, qeyd edilən ərazidə yaşayan qazi ailələri üçün D57 mm-lik 90 p/m və D20 mm-lik 36 p/m uzunluqda qaz xətləri çəkilmiş, Xaşa-Xuna bağlarında yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə D108 mm-lik 475 p/m, D76 mm-lik 934 p/m uzunluqda qaz xətləri çəkilmişdir. Hövsan südçülük sovxozu ərazisində D108 mm-lik 1121 p/m uzunluqda qaz xətti çəkilmişdir.
Zirə qəsəbəsi ərazisində D159 mm-lik 353 p/m uzunluqda qaz xətti çəkilmiş və Yeni sahə, Şirvani, Maqomayev, Babayev küçələrində qaz təminatının yaxşılaşdırılması məqsədilə 7 ədəd siyirtmə quraşdırılmışdır.
Binə qəsəbəsi ərazisində D159 mm-lik 206 p/m uzunluqda yeraltı qaz xətti yerüstü qaz xətti ilə əvəz edilmiş və D76 mm-lik 45 p/m, D57 mm-lik 50 p/m uzunluqda qaz xətləri çəkilmişdir.
Binə qəsəbəsi, Bolluq yaşayış massivində abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə D108 mm, D76 mm, D57 mm-lik 12000 p/m uzunluqda qaz xətləri çəkilmişdir.
Atçılıq yaşayış massivində 4 ədəd D50 mm-lik, 1 ədəd D80 mm-lik siyirtmələr quraşdırılmış və D76 mm-lik 100 p/m uzunluqda qaz xətti çəkilmişdir. Həmçinin Vaqif küçəsində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar D108 mm-lik 165 p/m uzunluqda qaz xətti çəkilmişdir.
Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yaşayış sahələrində D108 mm-lik 100 p/m, D76 mm-lik 870 p/m uzunluqda qaz xətləri çəkilmişdir.
Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində D159 mm-lik 444 p/m uzunluğunda qaz xətti çəkilmişdir. Həmçinin Hacı Mövlan bağlarında istismara yararsız qaz xəttinin təmir olunması ilə əlaqədar D57 mm-lik 75p/m, D76 mm-lik 30 p/m uzunluğunda qaz xətti çəkilmiş və 1 ədəd qaz tənzimləyici quraşdırılmışdır.
Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsində abadlıq işlərinin aparılması ilə əlaqədar D108 mm-lik 40 p/m uzunluqda qaz xətti çəkilmiş, Gülçülük sovxozu, Mayak ərazilərində 7 ədəd siyirtmə quraşdırılmışdır.
Buzovna qəsəbəsi ərazisində D219 mm-lik 412 p/m uzunluqda qaz xətti çəkilmiş, həmçinin “Neftçi” MTK-ya məxsus həyət evlərinə D159 mm-lik 690 p/m, D76 mm-lik 735 p/m uzunluqda qaz xətləri çəkilmişdir.
Mərdəkan qəsəbəsi, Qızıl-Qum bağlarında D76 mm-lik 110 p/m, PE 63 mm-lik 46 p/m uzunluqda qaz xətti çəkilmiş, həmçinin R.Cəfərov küçəsi, Bağlar massivində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə D57 mm-lik 234 p/m uzunluqda qaz xətti çəkilmişdir.
Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 2021-ci il ərzində elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə ümumilikdə 894 ədəd olmaqla rayon ərazisində yerləşən KTM və TM-lər cari təmir və təftiş olunmuş, 25 ədəd güc transformatoru dəyişdirilmiş, 7 ədəd yeni güc transformatoru qoyulmuş, 2 ədəd KTM yenisi ilə əvəz edilmiş və 20 ədəd yeni KTM quraşdırılmışdır.
Zirə Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 2021-ci il ərzində əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə umumilikdə 38 ədəd KTM və 17 ədəd TM-də profilaktik təmir işləri görülmüşdür.
“Bakı Şəhər İşığı” EŞM (Elektrik Şəbəkə Müəssisəsi) Xəzər Texniki İstismar Sahəsi tərəfindən 2021-ci il ərzində Xəzər rayonunda işıq dirəklərinə 3421 ədəd lampa quraşdırılmış, 2 ədəd yararsız dirək yenisi ilə əvəz olunmuş, 7 ədəd yararsız işıqlandırıcı yenisi ilə dəyişdirilmişdir.
Buzovna qəsəbəsi üzrə 674 ədəd, Qala qəsəbəsi üzrə 467 ədəd, Binə qəsəbəsi üzrə 370 ədəd, Şüvəlan qəsəbəsi üzrə 288 ədəd, Şağan qəsəbəsi üzrə 204 ədəd və Mərdəkan qəsəbəsi üzrə isə 126 ədəd işıqlandırıcı Bakı Şəhər İcra Hakimiyyəti və “Abadlıq” MMC tərəfindən işıqlandırılıb, tam istifadəyə verilmişdir.
Xəzər rayonu ərazisində 38 şəhid ailəsinin yaşadığı küçələrdə işıqlandırma sistemi quraşdırılmışdır. Rayon ərazisində ümumilikdə 2021-ci il ərzində 2129 ədəd yeni işıqlandırıcı quraşdırılmışdır.
Xəzər rayon 5 saylı Rabitə Xidmətləri Mərkəzinin quraşdırılmış montaj tutumu 01.01.2022-ci il tarixinə 89404 nömrə və istifadə olunan abunəçi tutumu isə 63652 nömrə təşkil etmişdir.
2021-ci il ərzində 5 Saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən əhaliyə 2949 ədəd və idarələrə 76 ədəd olmaqla ümumilikdə 3025 ədəd yeni telefon sənədləşdirilmiş, yüksəksürətli internet xidmətlərindən istifadə edən ümumi abunəçilərin sayı 37798 nömrəyə çatdırılmışdır.
AR ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin 2 saylı Ərazi Məşğulluq filialı tərəfindən ümumilikdə işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin sayı 13385 nəfər təşkil etmişdir.
2021-ci il ərzində 3432 nəfər işlə təmin edilmiş, 2045 nəfər işsiz kimi qeydiyyata alınmış, 28 nəfər peşə hazırlıq kurslarına və 459 nəfər özünəməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb olunmuşdur.
Hesabat dövründə rayon ərazisində park və xiyabanlarda genişmiqyaslı abadlıq quruculuq işləri görülmüşdür.
Belə ki, yaz-yay mövsümü ilə əlaqədar Xəzər rayonu ərazisindəki park və xiyabanlarda təmir-bərpa, abadlıq-quruculuq və yeni yaşıllıqların salınması ilə əlaqədar ilkin olaraq park və xiyabanlarda monitorinqlər aparılmış, mövcud vəziyyət öyrənilmişdir.
Rayonun 8 qəsəbəsi əhatə olunmaqla istirahət parklarında və abad məhəllələrdə işıq dirəkləri təmir olunmuş, rənglənmiş, lampalar və planfonlar dəyişdirilmiş, sınmış aqlay üzlüklər yeniləri ilə əvəz olunmuş, oturacaqlar təmir olunmuş, rənglənmiş və yeni oturacaqlar əlavə edilmiş, sıradan çıxmış söhbətgahlar təmir olunmuş, rənglənmiş və oturacaqlarla təmin olunmuş, uşaq oyun meydançaları təmir olunmuş, ətraflarında təmizlik işləri aparılmış, parklarda yerləşən fəvvarələr və bulaq kompleksləri təmir olunmuş və istismara yararlı vəziyyətə gətirilmiş, mini futbol meydançalarında təmir-bərpa işləri aparılmış, parkların yaxınlıqlarındakı hasarlar və qaz xətləri rənglənmişdir. Əlavə olaraq parklarda yaşıllaşdırma işləri aparılmış, bəzi yerlərdə ot örtükləri bərpa edilmiş, müxtəlif növ ağaclar əkilmiş və digər aqrotexniki qulluq işləri görülmüşdür.
Rayonda yerləşən Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınmış parklarda da genişmiqyaslı təmizlik və abadlıq işləri aparılmışdır. Belə ki, parklarda yerləşən abidə komplekslərində bərpa işləri aparılmış, parkların ətrafında təmizlik və abadlıq işləri görülmüşdür.
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə bağlı rayon ərazisində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Nizami adına istirahət parkında əsaslı təmir işləri aparılmışdır. Aparılmış təmir işləri çərçivəsində parkın ümumi siması dəyişdirilmiş, parkda yeni işıqlandırma sistemi quraşdırılmış, yeni oturacaqlar qoyulmuş, ərtafda genişmiqyaslı abadlıq və quruculuq və yeni yaşıllıqların salınması işləri görülmüşdür.
Rayonun Binə qəsəbəsində yerləşən park və xiyabanlarda da təmir-bərpa və abadlıq işləri görülmüşdür.
Ümumi ərazisi 1500 m2 olan xiyabanda Şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən abidə inşa edilmiş, 50 m2 olan köhnə hasar sökülərək yenidən tikilmiş, 2100 m2 mala işləri və 1100 m2 boya işləri görülmüş, 1300 m2 yerə daş döşənilmiş, giriş qapısı tikilmiş və darvaza qoyulmuş, yeni işıqlandırma sistemi quraşdırılmış və işıq dirəkləri basdırılmışdır.
Bundan əlavə ərazidə yeni ağac və gül kolları əkilmiş, oturacaqlar qoyulmuş, içməli su xətti çəkilmiş və bulaq tikilmişdir.
Qəsəbənin Ə.İsazadə küçəsində salınan Abad məhəllədə təmir-bərpa işləri aparılmış, uşaqlar üçün quraşdırılmış oyun və idman qurğuları, məhəllədəki söhbətgahlar təmir olunmuş və oturacaqlarla təmin olunmuşdur.
Hesabat dövründə rayon ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, daxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri, elektrik xətləri yeniləşdirilmiş, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası və qəsəbədaxili küçələrin asfaltlaşdırılması işləri davam etdirilmişdir.
Binə qəsəbəsinin sosial-iqtisadi infrastrukturunun inkişafı məqsədi ilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və NEQSOL Holding-in maliyyə dəstəyi ilə müxtəlif işlər həyata keçirilmişdir.
Qəsəbədə ümumilikdə 650 nəfərədək əhalinin yaşadığı, uzunluğu 2,2 km olan Əli İsazadə küçəsi, döngə 4, Məhəmməd Füzuli küçəsi və yolətrafı infrastruktur yenidən qurularaq 2021-ci ilin oktyabr ayında istifadəyə verilmişdir.
Təmir-tikinti işləri çərçivəsində əsas və məhəllə yollarına, həmçinin yaşayış evlərinin qarşısına 17145 m2 asfalt vurulmuşdur. Bundan əlavə, qeyd olunan ünvanda sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə uzunluğu 2000 metr olan piyada səkiləri tikilmişdir.
Əlavə olaraq yağış sularının kənarlaşdırılması məqsədilə uzunluğu 2100 metr olan boru çəkilərək, 55 yağış barmaqlığı quraşdırılmış və 450 m3 həcmdə 3 beton rezervuar tikilmişdir.
Sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciətlərdən biri də yeni piyada keçidlərinin quraşdırılmasıdır ki, 2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də müasir görünüşü ilə fərqlənən uzunluğu 76,7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2,5 metr olan yeni yerüstü piyada keçidi quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Bundan əlavə, Bakı Nəqliyyat Agentliyi tərəfindən rayon ərazisində piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra svetoforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri aparılmışdır.
Görülən işlər çərçivəsində rayonun mərkəzi küçə və prospektlərində təmir-bərpa işləri görülmüş, yeni piyada səkiləri salınmış, yeni bardürlər düzülmüş, ümumi görünüşə xələl gətirən kommunikasiya xətləri nizamlanaraq müvafiq tədbirlər görülmüşdür.
Hesabat dövründə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 8 nömrəli Yol İstismar MMC tərəfindən Binə qəsəbəsində 49770 m2, Qala qəsəbəsində 48621 m2, Buzovna qəsəbəsində 8400 m2 olmaqla ümumilikdə 106791 m2 investisiya hesabına asfaltlanma işləri görülmüşdür.
Eyni zamanda orta və cari təmir hesabına Şağan qəsəbəsində 3869 m2, Buzovna qəsəbəsində 6546 m2, Binə qəsəbəsində 3540 m2, Mərdəkan qəsəbəsində 9105 m2, Şüvəlan qəsəbəsində 1552 m2, Qala qəsəbəsində 1695 m2, Türkan qəsəbəsində 1355 m2 olmaqla ümumilikdə 27292 m2 asfaltlanma işləri görülmüşdür.
Xəzər rayon MKTB tərəfindən Şüvəlan qəsəbəsində 8256 m2, Mərdəkan qəsəbəsində 2382 m2, Şağan qəsəbəsində 1665 m2 olmaqla ümumilikdə 12303 m2 asfaltlanma işləri görülmüşdür.
Bu günün vacib məsələlərdən biri də yaşıllıqların salınması və onlara qulluq edilməsinin təşkilidir. Bildiyiniz kimi 2020-ci il ərzində rayon ərazisində 15040 müxtəlif növ ağac əkilmişdir. 2021-ci il ərzində Binə qəsəbəsində 1190, Buzovna qəsəbəsində 880, Qala qəsəbəsində 2300, Şağan qəsəbəsində 1000, Şüvəlan qəsəbəsində 1120, Türkan qəsəbəsində 2700, Zirə qəsəbəsində 1500, Mərdəkan qəsəbəsində 1560, idarə-müəssisə və təşkilatlar tərəfindən 4300 olmaqla ümumilikdə rayon ərazisində 16550 ədəd ağac əkilmişdir. Hazırda yaşıllıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
Xəzər rayonu ərazisində açılışı nəzərdə tutulan 7 obyekt mövcuddur ki, bunlardan Buzovna qəsəbəsində Professor Gindes adına Uşaq Vərəm sanatoriyasının yeni binasının, 7 nömrəli Vərəm dispanseri üçün yeni binanın, Mərdəkan qəsəbəsində H.Z.Tağıyevin ev muzeyinin, Binə qəsəbəsində Atçılıq və Təmənis ərazisində 1400 yerlik yeni məktəb binasının və yeni uşaq bağçasının, Atçılıq və Təmənis ərazisində tibb və poçt məntəqəsinin və 2146-cı məhəllədə 21 və 23 saylı yaşayış binalarının tikintisi və əsaslı təmir işləri yekunlaşdırılmışdır.
Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində tədbirlər keçirilmişdir.
20 Yanvar tarixində faciənin 31-ci ildönümü münasibətilə şəhidlərin xatirəsi yad edilmiş və Xəzər rayonunun Şüvəlan qəsəbəsində 20 Yanvar şəhidi Fuad Fərhadoğlunun məzarı ziyarət edilmişdir.
25 Fevral tarixində Xəzər rayonunun 8 qəsəbəsini əhatə etməklə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ədəd müxtəlif növ ağac əkilmişdir.
21 Mart tarixində Xalqımızın milli-mənəvi dəyərlərini və ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə Xəzər rayonunda Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları ziyarət olunmuş, şəhid olmuş döyüşçülərin və qazilərimizin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları təqdim olunmuşdur.
31 mart tarixində Xəzər rayonunda “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə türk ordusunun şəhid olmuş iki əsgərinin Mərdəkan qəsəbəsində yerləşən məzarı ziyarət edilmişdir.
6 may tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə salınmış parkda “9 May faşizm üzərində qələbə günü“nə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.
8 may tarixində Binə qəsəbəsində yerləşən Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanı ziyarət edilmiş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
12 may tarixində Ramazan bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.
27 may tarixində “28 May - Respublika günü” münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi, İctimai birliklərin rəhbərləri və fəal gənclər “Hərbi Qənimətlər Parkı”nı ziyarət etmişlər.
26 iyun tarixində “26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Xəzər rayonu üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Anım Gününün təsis edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Xəzər rayonunda silsilə tədbirlər keçirilmişdir.
İlkin olaraq 27 Sentyabr tarixində Xəzər rayonu, Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir.
Daha sonra tədbirlər çərçivəsində Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Binə qəsəbəsindəki Şəhidlər xiyabanında geniş tərkibdə anım tədbiri keçirilmiş, şəhidlərin xatirəsinə ehtiram ifadəsi olaraq Xiyabanda ağacəkmə aksiyası baş tutmuşdur.
Tədbirlərin davamında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər parkında şəhidlərin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi keçirilmişdir.
Daha sonra Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə Mərdəkan-Qala avtomobil yolunun sol hissəsində ağacəkmə aksiyası keçirilmiş, ümumilikdə 500 ədəd müxtəlif növ ağac əkilmişdir.
06 Noyabr tarixində Xəzər rayonunun Qala qəsəbəsində “8 Noyabr – Zəfər Günü” münasibətilə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
Tədbirlərin davamında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə görüş keçirilmişdir.
07 Noyabr tarixində Xəzər rayonu, Şağan qəsəbəsində “8 Noyabr – Zəfər Günü” münasibətilə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilmiş, daha sonra Şağan qəsəbəsi, Şağan Mədəniyyət evində “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilmişdir.
Tədbirlərin davamında Xəzər Rayonunun Türkan qəsəbəsi, Türkan-Hövsan Avtomobil yolunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.
10 dekabr tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilmişdir.
18 dekabr tarixində Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zirə Eko Park”da musiqili bədii tədbir keçirilmişdir.
Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar Xəzər rayonunun sakinləri tərəfindən tam anlayışla və məsuliyyət hissi ilə qarşılanmışdır.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı 2021-ci ilin yanvarın 19-dan ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesinə başlanılmışdır.
Bütün görülən zəruri tədbirlərlə yanaşı rayon əhalisinin vaksinasiya prosesinə cəlb olunması istiqamətində RİH tərəfindən yaradılmış mobil qruplar vasitəsilə əhali arasında maarifləndirici tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə əsasən ilkin olaraq rayon üzrə fəaliyyət göstərən xidmət sahələrində mütəmadi olaraq monitorinqlər aparılmış, orada işləyən işçilərin vaksinasiyaya cəlb olunması vəziyyəti nəzarətdə saxlanılmışdır.
Bunlarla yanaşı, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar, Rayon Polis İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai iaşə və ticarət obyektərində, ərzaq mağazalarında, o cümlədən avtobuslarda mütəmadi olaraq reydlər keçirilmiş, reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsi, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndlənmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılmışdır.
Həmçinin Xəzər rayon könüllüləri tərəfindən rayon ərazisində vətəndaşlarla peyvəndlənmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirici buklet və braşuralar paylanılmışdır.
Peyvənd olunan rayon sakinləri koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
10 iyun 2021-ci il tarixindən etibarən müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin fəaliyyətinə icazə verilməsi ilə bağlı Xəzər rayonunun 5 qəsəbəsi üzrə ümumilikdə 61 çimərlik karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyətə başlamışdır. Fəaliyyət göstərən çimərliklərə Xəzər Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşlarından ibarət nəzarətçilər təhkim olunmuş və həmin nəzarətçilər tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalara əməl olunması nəzarətdə saxlanılmışdır.
Bundan əlavə, Xəzər rayonu üzrə fəaliyyətə başlayan çimərliklərin ərazisində insanların istirahət etməsi üçün lazımi şəraitin yaradılması və koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür.
Belə ki, hər bir çimərlikdə maarifləndirici lövhələr vurularaq, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən mütəmadi olaraq istifadə edilməsi, təmizliyə riayət olunması məqsədilə ərazi boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular qoyulmuşdur.
Sevindirici haldır ki, cari dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonumuza səfərlər etmişdir.
25 Fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılış mərasimində iştirak etmişdir.
26 Avqust tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, daha sonra Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına Xarici dillər təmayüllü gimnaziyasının və Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılış mərasimlərində iştirak etmişdir.
15 Sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər rayonunda yeni tikilən “Buzovna-1” yarımstansiyasının açılış mərasimində iştirak etmişdir.
24 sentyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondunun əməkdaşları rayonumuzun qəsəbələrində olmuş, mövcud problemlərlə maraqlanmış, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikilməsi ilə bağlı tədbirlər planı hazırlanmışdır.
2020-ci il sentyabrın 27-dən erməni təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı nəticəsində Xəzər rayonu üzrə 44 nəfər hərbi qulluqçu şəhid, 115 nəfər isə qazi olmuşdur. Qazilərdən 20 nəfərin əlillik dərəcəsi müəyyən olunmuşdur.
Hesabat dövründə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərilmiş, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir.
Görülmüş işlər çərçivəsində RİH tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı Vətən müharibəsində şəhid olmuş 38 şəhid ailəsi və əlilliyi müəyyən edilmiş 20 qazi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınaraq, tərtib olunmuş siyahı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.
2021-ci il ərzində 15 şəhid ailəsi və 1 əlilliyi müəyyən olunmuş Vətən müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərlə təmin olunmuşdur.
Xəzər Rayon İcra Hakimiyyətinin müraciətləri əsasında 30 şəhidin ailə üzvü, həmçinin 22 qazi və onların ailə üzvləri haqqı ödənilən ictimai işlərə, özünüməşğulluq tədbirlərinə cəlb olunmuşdur.
Hesabat dövrü ərzində Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatı tərəfindən hər həftə bir şəhid ailəsinə baş çəkilmiş, onlara ərzaq yardımları verilmişdir. Görüşlərdə RİH başçısı, Millət vəkilləri və YAP Xəzər rayon təşkilatının sədri iştirak etmişdir.
Həmçinin “Novruz”, “Ramazan” və “Qurban” bayramlarında və digər əlamətdar günlərdə şəhid ailələri və qazilərə RİH tərəfindən ərzaq yardımları verilmişdir. Əlamətdar günlərlə yanaşı, şəhidlərin doğum günləri və il mərasimlərində RİH-nin rəhbər şəxsləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, ictimai birliklər və rayon ictimaiyyəti tərəfindən şəhid ailələri ziyarət olunmuş, şəhidlərin uyuduqları məzarlıqlarda anım tədbirləri keçirilmiş, xatirələri ehtiramla yad edilmişdir.
RİH-nin təşəbbüsü və müraciəti əsasında xeyriyyəçi şəxslər tərəfindən 6 şəhid ailəsinin və 4 Vətən müharibəsi iştirakçısının yaşadıqları mənzillərdə təmir işləri aparılmışdır. Bundan əlavə, şəhid ailələrinin istəyinə əsasən yaşadıqları qəsəbələrdə, küçələrdə şəhidlərin xatirələrinə bulaqlar inşa olunaraq açılış mərasimləri təşkil olunmuşdur.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərlə keçirilən görüşlər zamanı qaldırılan problemlərin və müraciətlərin mütəmadi olaraq təhlilləri aparılmışdır.
Bununla əlaqədar olaraq şəhid ailələrinin yaşadıqları ünvanlar üzrə yolların əsaslı təmir olunması, fərdi yaşayış evlərinə qaz xətlərinin çəkilməsi, içməli su təchizatı ilə təmin olunma, küçələrin işıqlandırılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları küçələrə adlarının verilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər olunmuşdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 8 nömrəli Yol İstismar sahəsi tərəfindən Buzovna qəsəbəsində 5 şəhid ailəsinin yaşadığı küçədə 5755 m2, Binə qəsəbəsində 4 şəhid ailəsinin yaşadığı küçədə 5268 m2, Şüvəlan qəsəbəsində 1 şəhid ailəsinin yaşadığı küçədə 320 m2, Mərdəkan qəsəbəsində 2 şəhid ailəsinin yaşadığı küçədə 1455 m2, Qala qəsəbəsində 7 şəhid ailəsinin yaşadığı küçədə 22297 m2, Türkan qəsəbəsində 1 şəhid ailəsinin yaşadığı küçədə 2700 m2, Şağan qəsəbəsində 1 şəhid ailəsinin yaşadığı küçədə 180 m2 olmaqla ümumilikdə 21 şəhid ailəsinin yaşadığı küçələrdə 37975 m2 asfaltlanma işləri görülmüşdür.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə adlarının küçə və meydanlara verilməsi ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə Xəzər rayonunda iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş sxemlərə uyğun olaraq Binə qəsəbəsi, 92-ci Binə küçəsi-Cəmil Səlimov, Mərdəkan qəsəbəsi, 76-cı Mərdəkan küçəsi-Ceyhun Nəhmətov, Şüvəlan qəsəbəsi, 35-ci Şüvəlan küçəsi-Ramiz Qasımov, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, 3-cü döngə-Elçin Mansurov, Qala qəsəbəsi, 76-cı Qala küçəsi-Adil İbrahimli küçəsi adlandırılmışdır.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalamış və Qərara uyğun olaraq Xəzər rayonunda yerləşən 216 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Vaqif oğlu Qasımovun və 88 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elçin Elşən oğlu Mansurovun adı verilmişdir.
2021-ci il ərzində Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatına rayon əhalisindən 3083 olmaqla ümumilikdə 4281 ərizə, şikayət və müraciət daxil olmuşdur.
2021-ci il ərzində RİH başçısının qəbulunda 148 vətəndaş iştirak etmişdir. 148 müraciətdən 74-ü müsbət həll edilmiş, 49 izahat verilmiş, 25 müraciət əsasında müvafiq təşkilatlara müraciətlər olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamaq istiqamətində tövsiyə və tapşırıqlarına əsasən Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulları keçirilmiş, müraciətləri dinlənilmiş və problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi istiqamətində tədbirlər görülmüşdür.
Perspektivdə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri çərçivəsində Mərdəkan, Binə və Buzovna qəsəbələrindəki bəzi hündürmərtəbəli binaların təmir edilməsi, yeni məktəblərin tikilməsi, qəsəbədaxili küçələrin asfaltlaşdırılması, su xətlərinin çəkilməsi, qəsəbələrdə abad məhəllələrin yaradılması, ərazilərdə yaşıllıqların salınması və s. işlər durur.
Xəzər Rayon İcra Hakimiyyəti sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işlər görəcək, qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası və vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.