Şriftin ölçüsü :

Saytın rəngi :

`

Xəzər Rayon İcra Hakimiyyətinin 2019-cu ildəki fəaliyyətinə dair
HESABATI

13 yanvar 2020-ci il tarixində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə ölkə başçısı ötən il ərzində iqtisadi islahatların daha da sürətlə aparılmasını, bu sahədə bir çox sərəncam və qanunların imzalanaraq qəbul edilməsini qeyd etmiş, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Respublikamıza cəlb edilməsi, yerli istehsalın artırılaraq idxaldan asılılığın azaldılması və digər istiqamətlər üzrə çox ciddi qərarların qəbul edildiyini vurğulamışdır. Cənab Prezident il ərzində qeyri-neft sektorunun 3,5 %, kənd  təsərrüfatının 7 %, sənaye istehsalının 1,5 %, ümumi daxili məhsulun 2,2 %, qeyri-neft ixracının 14 % artmasını xüsusi qeyd etmişdir. Bununla yanaşı infilyasiyanın 2,6 % səviyyəsində olması, əhalinin pul gəlirlərinin isə 7,4 % artması qeyd edilmiş, gəlirlərin infilyasiyanı üstələməsi nəzərə çatdırılmışdır.
  Cənab Prezident il ərzində ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulduğunu, valyuta ehtiyatlarımızın 6,4 milyard dollar artaraq 52 milyard dollara çatmasını və görülən tədbirlər nəticəsində 2019-cu il ərzində 98 min daimi iş yerinin açılmasını xüsusi vurğulamışdır.
  Ötən dövr ərzində Xəzər rayonunun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.
  Belə ki, rayon üzrə sənaye məhsulu istehsalı 290 milyon 791 min manat təşkil etmiş, nəqliyyat sektorunda 1 milyard 866 milyon 16 min manatlıq xidmətlər göstərilmişdir. 2019-cu il ərzində Xəzər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 198 milyon 118 min manat məbləğində vəsait yönəldilmişdir.
  Hesabat dövründə tikinti kompleksində 131 milyon 653 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
  İaşə müəssisələrinin ümumi dövriyyəsi 48 milyon 90 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 776 milyon 573 min manat təşkil etmişdir.
  Rayonun iqtisadi və sosial sahələrində çalışanların orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 8.2% faiz artaraq 783 manat təşkil etmişdir. Hesabat dövründə rayon üzrə 3590 yeni iş yeri açılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çox olmuşdur.
  Dövlət Sosial Müdafiə Fondunun Xəzər Rayon şöbəsində 2019-cu il ərzində 17 min 138 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuş və onlara pensiyalar tam ödənilmişdir. Hal-hazırda rayon üzrə 1481 ailəyə ünvanlı dövlət sosial yardım verilir.
  2019-cu il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 sahibkarlıq subyektinə 2 milyon 190 min manat güzəştli kredit verilmiş, nəticədə 63 yeni iş yeri açılmışdır.
  Eyni zamanda 25 aprel 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Xəzər RİH-nin birgə təşkilatçılığı ilə Xəzər rayonunda sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılmasına dair işgüzar forum keçirilmişdir. 
  Əhalinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xəzər rayonuna 595 ştat vahidi işçi yeri ayrılmış və rayon ərazisində yaşayan işsiz, aztəminatlı ailələrin üzvlərindən ibarət 595 nəfər şəxs işlə təmin edilmiş və vaxtı-vaxtında əmək haqlarını alırlar. 2019-cu il ərzində Mərkəzə 4255 nəfər müraciət etmiş, iş tələbi ilə müraciət edən 4213 nəfərdən 1541 nəfərin , işsizlik sığortası ilə müraciət edən 42 nəfərdən 39 nəfərin müraciəti müsbət həll olunmuşdur.
  Hal-hazırda Mərkəzdə 5202 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır ki,onlardan da 2946 nəfəri işsiz statusu almış şəxslərdir. İşsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkilini təmin etmək məqsədilə aidiyyətı qurumların nümayəndələrindən ibarət komissiya və Rayon İcra Hakimiyyəti Aparatı yanında Əhalinin Məşğulluğuna kömək göstərəcək Əlaqələndirmə komitəsi yaradılmışdır.
  Onu da nəzərinizə çatdırım ki, 13 mart 2019- cu il tarixində Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılışı olmuş, Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 146 qadın qeydiyyatdan keçmiş və onlardan bəzilərinə Mərkəz tərəfindən lazımi avadanlıqlar verilmiş və fəaliyyətə başlamışlar.
  Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2019-cu il ərzində məişət tullantıları meydançalarından 102 min 43 kub metr məişət və diğər bərk tullantılar yığılaraq daşınmışdır. Birliyin balansında olan Binə qəsəbəsi, 2146-cı məhəllə 23, 27 saylı, Ə.İsazadə küçəsi 3 saylı, İ.Əhmədov küçəsi 2 saylı, Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi 8 və 8 b saylı binaların ruberoidli dam örtüklərinin 1970 kvadrat metr hissəsi, eləcə də Buzovna qəsəbəsi, R.İmanov küçəsi 28 və 36 saylı binaların dəmir dam örtüyünün 25 kvadrat metr hissəsi cari təmir olunmuşdur. Şimal DRES yaşayış massivində yeni yaradılmış mini stadionun arxasında abadlıq işləri görülmüş, oturacaqlar quraşdırılmış, uşaqların əylənməsi üçün avadanlıqlar rənglənilmiş, 100 p/m bardür, 100 m2 səki daşları düzülmüş, 140 m2 hasar suvanaraq rənglənmiş, 529 m2 asfalt örtüyü salınmışdır.
  Eyni zamanda Birlik tərəfindən qəsəbələrdə asfalt örtüyü də salınmışdır. Belə ki, Mərdəkan qəsəbəsinin Şərq küçəsində 1912 m2, Əzizbəyov küçəsi döngə 3-də 1000 m2, Şüvəlan qəsəbəsi, Ə.Qarayev küçəsi döngə 1, 2, 3, 4-də  4100 m2 olmaqla ümumilikdə 7541 m2asfalt örtüyü salınmışdır.
  111 saylı MKİS-in balansında olan Buzovna qəsəbəsi V.Seryogin küçəsi  12 A saylı binanın dam örtüyü şiferlə, V.Seryoqin küçəsi 2, 2 A, Albalılıq dayanacağı 2, 7, 11 saylı, A.Mirzəyev küçəsi 6 A, 8 A və 10 A saylı binaların dam örtüyü isə ruberoidlə örtülmüş, navalçalar təmir edilmişdir.
  112 saylı MKİS-in balansında olan Buzovna qəsəbəsi, A.Mirzəyev 6, R.İmanov 24, 26, G.Məmmədov 1,5, 13, 19 saylı binaların zirzəmiləri təmizlənilmiş, R.İmanov  küçəsi 2, 4, 6 və 8 saylı binaların giriş hissələrindəki divarlar rənglənilmiş, ərazidə olan 402 ədəd zibil konteyneri təmir olunaraq, yararlı hala gətirilmişdir.
  155 saylı MKİS-in balansında olan Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi 3 saylı binanın  2780 m2 fasad hissəsi rənglənilmiş, 1100 m2 dam örtüyü təmir olunmuş, 7 ədəd giriş qapısı qoyulmuş, girişlərə 750 m2 aqlay daşı döşənmiş, 750 m2 rənglənmə işi aparılmış, 28 ədəd yeni plastik pəncərə quraşdırılmış, həyətin işıqlandırılması üçün 7 dirək basdırılmış, həyətə 755 m2 asfalt örtüyü salınmışdır. Eyni zamanda Q.İsmayılov küçəsi 5 saylı binanın qarşısına 350 m2, S.Yesenin küçəsi 10, 11, 12, 13 və 14 saylı binaların qarşısına isə 1200 m2 asfalt örtüyü salınmışdır.
  Həmçinin S.Dadaşov küçəsi 6 saylı binanın girişlərində 460 m2 aqlay daşı döşənmiş, 750 m2 rənglənmə işləri görülmüş, 16 ədəd plastik pəncərə, 4 ədəd giriş qapısı quraşdırılmışdır.
  Bundan başqa B.Əliyev 1, 2, Q.İsmayılov 1, 5, 7 və S.Dadaşov 4, 8, 10 saylı binaların 7100 m2 dam örtükləri şüşə ruberoid ilə təmir edilmiş, S.Dadaşov küçəsi 4 saylı binanın qarşısında sakinlər üçün istirahət guşəsi yaradılmışdır.
  Xəzər Su-Kanal İdarəsi tərəfindən də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir. Görülən işlərin nəticəsində bu gün su istifadəçisi olan abonentlərin sayı 43 min 605-ə çatdırılmışdır.
  İdarə tərəfindən il ərzində 3670 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 144 p/m köhnəlmiş su boruları dəyişdirilmiş, o cümlədən binaların zirzəmilərində təmirə ehtiyacı olan  68 p/m boru yenilənmişdir. Hesabat dövründə 3799 ədəd su qəzası aradan qaldırılmışdır. Rayon ərazisində 61 ədədi smart tipli, 10041 ədədi mexaniki sayğac olmaqla cəmi 10102 ədəd sayğac quraşdırılmış, 563 ədədi smart tipli, 13 ədədi isə mexaniki sayğac olmaqla 576 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. Bundan başqa 4 ədəd yeni nasos quraşdırılmış, 52 ədəd su nasosu isə təmir edilərək saz vəziyyətə gətirilmişdir.
  Rayon ərazisində kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Kanalizasiya sahəsi üzrə 3750 ədəd qəza və tutulma halları aradan qaldırılmış, təmirə ehtiyacı olan 135 p/m xətt təmir olunaraq, yenilənmişdir. 7690 p/m mexaniki üsulla, 7240 p/m maşınla olmaqla 14930 p/m kanalizasiya borusu yuyulmuşdur. 32 ədəd kanalizasiya baxış quyusu təmir edilmiş, 24 ədəd baxış quyusu yenisi ilə əvəz olunmuşdur. 37 ədəd yağış barmaqlıqları mütəmadi olaraq təmizlənərək tam istismara yararlı hala gətirilmişdir.
  Rayon ərazisində mövcud olan 80 ədəd içməli su bulağı daimi su ilə təmin edilməklə, nəzarətdə saxlanılır və mütəmadi təmir işləri aparılır.
  Ümumilikdə “Azərsu” ASC tərəfindən il ərzində rayonun qəsəbələrində 120234 p/m  su xətti çəkilmiş, 6855 ev birləşməsi verilmiş, 6000 p/m isə kanalizasiya xətti çəkilmişdir.
  Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən 2019-cu il ərzində itkilərin azaldılması və qaz təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən aşağıdakı işlər görülmüşdür:
  Buzovna qəsəbəsinin R.Axundov və Dənizkənarı küçələrində D219 mm-lik 450 p/m, L.Bədirbəyli, Qəsəbə, Ə.Ağayev küçələrində D159 mm-lik 2000 p/m , Lermontov küçəsində D159 mm-lik 1600 p/m və Zağulba şossesində D325 mm-lik 400 p/m qaz xətti çəkilmişdir.
  Şüvəlan qəsəbəsi Yeni sahə yaşayış massivində D57 mm-lik 245 p/m qaz xətti çəkilmişdir.
  Qala qəsəbəsi Südçülük sovxozu ərazisində D219 mm-lik 312 p/m, Xaşa-Xuna bağlarında D57 mm-lik 750 p/m,  D76 mm-lik 482 p/m yararsız yeraltı xətlər yerüstü  xətlərlə əvəz  olunmuş, Hərbi hissənin arxasında  isə  D108 mm-lik 1200 p/m qaz xətti çəkilmişdir.
  Binə qəsəbəsi H.Hasilov küçəsində D108 mm-lik 450 p/m, Ə.İsazadə, N.Şirinov, X.Aslanov, Şəhid bulağı küçələrində D108 mm-lik 1100 p/m, D76 mm-lik 1200 p/m, Hövsan Südçülük sovxozu ərazisində D219 mm-lik 1200 p/m, D159 mm-lik 500 p/m, Bolluq yaşayış massivində D108 mm-lik 2260 p/m D76 mm-lik 1200 p/m, D89 mm-lik 3980 p/m qaz xətləri yerüstü xətlərlə əvəz olunmuşdur.
  Mərdəkan qəsəbəsinin müxtəlif küçələrində D159, 108, 89,  76, 57 mm-lik  4935 p/m qaz xətləri çəkilmişdir.
  Şağan qəsəbəsində D219 mm-lik 450 p/m, D159 mm-lik 1200 p/m yeraltı qaz xətləri yerüstü qaz xətləri ilə əvəz olunmuşdur.
  Yeni qazlaşdırılan ərazilər:
  Şüvəlan qəsəbəsi Mayak bağları, Südçülük yaşayış massivlərində müxtəlif  diametrli 11500 p/m, Qala qəsəbəsi Xaşa-Xuna bağlarında 5100 p/m, Binə qəsəbəsi Atçılıq yaşayış massivində, Badam bağları ərazisində 36216 p/m, Hövsan Südçülük sovxozu ərazisində 20500 p/m, Kanalüstü ərazidə 3300 p/m, Atçılıq yaşayış massivi, kanalın sağ tərəfində 7000 p/m, Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinin Dərbənd və Abşeron küçələrində 4000 p/m qaz xətləri çəkilmişdir.
  Xəzər Enerji Təchizatı və Satışı İdarəsi eləcə də Zirə Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 2019-cu il ərzində 24 ədəd kompleks Transformator Məntəqəsi və 31 ədəd güc transformatoru dəyişdirilmiş, 3 ədəd yeni Kompleks Transformator Məntəqəsi, 2 ədəd yeni transformator quraşdırılmış, 16 ədəd qoruyucu dəyişdirilmişdir. Bundan başqa 998 ədəd Transformator məntəqəsi və Kompleks Transformator Məntəqəsi cari təmir və təftiş olunmuş, 825 metr 0,4 kilovotluq kabel, 4410 metr Özünü İdarəedən kabel, 18800 metr naqil çəkilmiş,  1770 metr 0,4 kilovotluq kabel, 8534 metr Özünü idarəedən kabel isə dəyişdirilmişdir. Görülən  işlərin nəticəsində bu gün abonentlər fasiləsiz  elektrik  enerjisi ilə təmin edilirlər.
  Hazırki dövrdə əhalinin rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər Telefon Qovşağının 01 yanvar 2020-ci il tarixinə tutumu 72 min 358 nömrə, abunə tutumu isə 60 min 261 nömrə təşkil etmişdir.
  2019-cu il ərzində Xəzər Telefon Qovşağı tərəfindən əhaliyə 1596 ədəd, müəssisə və təşkilatlara isə 131 ədəd olmaqla 1727 ədəd yeni telefon quraşdırılmışdır. Eyni zamanda rayon əhalisinin informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması üçün Xəzər Telefon Qovşağının Elektron Avtomat Stansiyalarında genişzolaqlı yüksəksürətli internet avadanlıqları quraşdırılaraq abunəçilərin istifadəsinə verilmiş və il ərzində tutumu 2533 ədəd ADSL artırılaraq ümumi istifadəçilərinin sayı 36 min 951 nömrəyə çatdırılmışdır.
  “Azərpoçt” MMC-nin 4 saylı Poçt filialı tərəfindən 2019-cu il ərzində verilmiş 1337360 manat tarif gəliri proqnozu faktiki olaraq 1224394 manat icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir. Həmişə olduğu kimi ötən dövrdə də abadlıq və yenidənqurma işləri Xəzər rayonunda uğurla həyata keçirilmişdir.
  Hesabat dövründə rayon ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, daxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri, elektrik xətləri yeniləşdirilmiş, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
İl ərzində Xəzər Rayon İcra Hakimiyyəti öz daxili imkanları hesabına qəsəbələrdə mövcud olan piyada səkilərinin təmir-bərpası işlərini görmüş, sakinlərin rahat hərəkətinin təmin olunması üçün tədbirlər həyata keçirmişdir. Həmçinin qəsəbələrdəki parklara baxış keçirilərək çatışmazlıqlar öyrənilmiş və verilən tapşırıqlara əsasən həmin parklarda qazon örtükləri, bardürlər bərpa  edilmiş, oturacaqlar və kölgəliklər təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
  Keçirilən səyyar görüşlərdə sakinlərin müraciətlərini nəzərə alaraq İDEA İctimai Birliyinin təşəbbüsü ilə Xəzər RİH tərəfindən Binə qəsəbəsinin Əli İsazadə küçəsində 441 sakinin yaşadığı 1 və 1A  saylı binaların qarşısında müasir standartlara cavab verən yeni İstirahət parkı salınmışdır. Həmçinin Şüvəlan qəsəbəsinin Şimal DRES yaşayış massivindəki binaların qarşısında mini futbol meydançası tikilərək tam hazır vəziyyətə gətirilmişdir. Həmçinin Binə qəsəbəsinin İ.Əhmədov küçəsində mini meydança təhvil verilmiş, “Abad məhəllə”-də isə tamamlanma işləri gedir.
  Eyni zamanda vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq daxili imkanlar hesabına Şüvəlan qəsəbəsi Ziyarətgahdan Şimal DRES yaşayış massivinə gedən yolda 31, Türkan-Hövsan yolunda 32, Buzovna qəsəbəsinin Namazov küçəsində 36, Puşkin küçəsində 18 dirək basdırılaraq, yeni işiqlandırma sistemi quraşdırılmışdır.
  Bakı Nəqliyyat Agentliyinə göndərdiyimiz məktubların nəticəsində Agentlik tərəfindən Şüvəlan qəsəbəsində 3, Mərdəkan qəsəbəsində 2, Türkan qəsəbəsində 5, Qala qəsəbəsində 2 ədəd olmaqla, 12 yeni dayanacaq quraşdırılmışdır.
Bu günün ən vacib məsələlərdən biri də yaşıllıqların salınması və onlara  qulluq edilməsinin təşkilidir. Bildiyiniz kimi 2018-ci il ərzində rayon ərazisində 59 min 830 ədəd müxtəlif növ ağac əkilmiş və 2019-cu ildə də bir o qədər də ağac əkilməsi nəzərdə tutularaq, Mərdəkan qəsəbəsində 1900, Şüvəlan qəsəbəsində 2445, Binə qəsəbəsində 1000, Şağan qəsəbəsində 520, Türkan qəsəbəsində 7400, Buzovna qəsəbəsində 235, Qala qəsəbəsində 1300, Zirə qəsəbəsində 2165 ağac əkilmişdir. İcra Hakimiyyəti, qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 16965, digər idarə-müəssisə və təşkilatlar tərəfindən isə 39 min 335 ədəd olmaqla ümumilikdə rayon ərazisində 56 min 300 ədəd ağac əkilmişdir. Hazırda yaşıllıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası və qəsəbədaxili küçələrin asfaltlaşdırılması işləri aparılmışdır.
  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şüvəlan-Mərdəkan-Qala magistral yoluna 31 min m2 asfalt örtüyü salınmış, uzunluğu 5,4 km olan yeni 2-ci texniki dərəcəli yol hazır vəziyyətə gətirilmişdir. Həmçinin Mərdəkan qəsəbəsinin Dəmiryolçular, Q.İsmayılov, B.Əliyev, Pioner, Q.İlkin, Z.Bünyadov, 28 may, Maral Rəhmanzadə küçələrinə 69 min 616 m2, Buzovna  qəsəbəsinin Natavan, A.Sultanova, Əfəndiyev, Koroğlu küçələrinə 32 min 480 m2, Binə qəsəbəsinin M.Ə.Sabir, İ.Nəsimi, Musabəyov, Füzuli, Xəqani və 161 № li marşrut avtobusunun son dayanacağına  47 min 363 m2, Şüvəlan qəsəbəsinin A.İldırım, Bağlar küçələrinə 54 min 520 m2 asfalt örtüyü salınmışdır. Bununla yanaşı Agentliyin İnvestisiya layihələrinə uyğun olaraq Mərdəkan qəsəbəsində, Binə qəsəbəsi sovxoz və Aqrokompleks yaşayış massivlərində isə 168 min 460 m 2 asfalt örtüyü salınmışdır. Ümümilikdə il ərzində 403 min 440 m2 asfalt örtüyü salınmış, hal-hazırda asfaltlaşma işləri rayonun Buzovna, Şüvəlan, Binə və Türkan qəsəbələrində davam etdirilməkdədir.
  Eyni zamanda daxili imkanlar hesabına Mərdəkan qəsəbəsində 4000 m2, Buzovna qəsəbəsində 5400 m2, Şüvəlan qəsəbəsində 7620 m2, Binə qəsəbəsində 2580 m2, Şağan qəsəbəsində 9250 m2, Türkan qəsəbəsində 4000 m2 asfalt örtüyü salınmış, Qala və Zirə qəsəbələrində 25  km yol cari təmir olunmuşdur
  Bildiyiniz kimi hazırda rayon ərazisində H.Əliyev Fondu və digər investisiya layihələri çərçivəsində təmir və tikintisi gedən 18 obyekt mövcuddur ki, bunlardan Mərdəkan qəsəbəsində Müalicə Pansionatının,  Şüvəlan qəsəbəsində Şimal Elektrik Stansiyasının 2-ci blokunun açılışları olmuş, Qala qəsəbəsində 1000 yerlik, Binə qəsəbəsində 1600 yerlik, Mərdəkan qəsəbəsində S.Rüstəm adına Gimnaziya üçün yeni korpusun və 32 saylı Laçın məktəbinin tikintisi gedir, Binə qəsəbəsində 218 saylı, Buzovna qəsəbəsində 229 saylı, Zirə qəsəbəsində 2 saylı, Şağan qəsəbəsində isə 218 saylı bağçaların təmir işləri davam etməkdədir. Ümid edirik ki, yaxın vaxtlarda təmiri və tikintisi yarımçıq qalan obyektlərdə də işlərə yenidən başlanılacaqdır. 
  Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə bir çox kütləvi tədbirlər keçirilmişdir.
  19 yanvar tarixində Mərdəkan Mədəniyyət Sarayında RİH-nin təşkilatçılığı ilə rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 20 yanvar hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 20 Yanvar hadisələrində əlil olanlar və şəhid ailələrinin üzvləri  ilə görüşlər olmuş, onlara humanitar yardım göstərilmişdir. 20 Yanvar tarixində RİH Aparatı işçilərinin, YAP Xəzər rayon təşkilatının və rayon ictimaiyyəti nümayəndələrinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuşdur.
  16 fevral tarixində H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Buzovna qəsəbəsindəki 1 nömrəli Psixonevroloji Xidmət müəssisəsinin yenidənqurmadan sonra açılış mərasimi olmuşdur.
  25 fevral tarixində Mərdəkan Mədəniyyət Sarayında Xocalı Soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir. Tədbirdə RİH Başçısı, millət vəkili, YAP Xəzər rayon təşkilatının sədri, Heydər Əliyev Fondunun nümayəndəsi iştirak etmişdir
  26 fevral tarixində Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı «Ana harayı» abidəsinə rayon ictimaiyyətinin nümayəndələrinin ziyarəti təşkil olunmuşdur.
  19 mart tarixində Mərdəkan qəsəbəsi Heydər Əliyev parkında Novruz bayramı şənliyi keçirilmişdir. Təhsil müəssisələri, uşaq bağçaları Novruz bayramı münasibətilə sərgilər nümayiş etdirmiş, bayram tonqalı yandırılmış, konsert proqramı təşkil olunmuşdur. Tədbirdə RİH Başçısı, Millət vəkili, YAP Xəzər rayon təşkilatının sədri, Heydər Əliyev Fondunun nümayəndəsi, idarə, müəssisə və təşkilat nümayəndələri iştirak etmişlər. Bayram ərəfəsində H.Əliyev Fondu tərəfindən şəhid ailələrinə, veteranlara, Çernobıl əlillərinə, aztəminatlı ailələrə ümümilikdə 4000 nəfərə ərzaq yardımı paylanılmışdır.
  23 mart tarixində “Ölkəmizi tanıyaq“ tur aksiyası çərçivəsində Xəzər rayonunun məktəblilərinin Naxçıvan Muxtar Respublikasına, 13 noyabr tarixində isə Gəncə şəhərinə yolasalma mərasimləri keçirilmiş, tədbirdə RİH Başçısı, valideyinlər və müəllimlər iştirak etmişdir.
  31 mart tarixində 123 №li tam orta məktəbdə türk şəhidlərinin qəbirləri yanında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Tədbirdə RİH Aparatı, YAP Xəzər rayon təşkilatı, Daxili Qoşunların Ali Hərbi məktəbinin rəisi və kursantları, İctimai birliklərin sədrləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, bələdiyyələr, məktəb şagirdləri, hüquq-mühafizə orqanları rəhbərləri iştirak etmişdir. Türk şəhidlərinin qəbirləri üstünə əklil qoyulmuşdur.    
  05 aprel tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.   
  08 aprel tarixində Əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mərdəkan qəsəbəsində  yerləşən Heydər Əliyev adına istirahət parkında konsert proqramı təşkil olunmuşdur.
  07 may tarixində Zirə Mədəniyyət Mərkəzi-Eko Parkda Azərbaycan  xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.
  Eləcə də 9 may Qələbə günü, 28 may Respublika günü, 1 iyun – Uşaqların  Beynəlxalq  Müdafiəsi günü, 15 iyun- Milli Qurtuluş günü, 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü, 26 iyun – Silahlı qüvvələr günü münasibətilə geniş tədbirlər həyata keçirilmişdir.  
  Nəzərinizə çatdırım ki, 11 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Bu günə olan məlumata əsasən əhalinin 73 min 151 nəfəri tibbi müayinədən keçmişdir.
  Qurban bayramı münasibətilə tədbir keçirilmiş, Xəzər rayonunda qeydiyyatda olan müharibə veteranlarına qurban payı verilmişdir.
  16 sentyabr tarixində rayonun bütün təhsil müəssisələrində “Bilik günü” qeyd olunmuşdur.
  Oktyabr ayının 1-10-u tarixlərində ölkədə Əhalinin növbəti siyahıyaalınması keçirilmiş, Xəzər rayonu da bu mühüm tədbirdə fəal iştirak etmişdir.
  18 oktyabr - Dövlət Müstəqillik günü, 9 noyabr - Dövlət Bayrağı günü, 12 noyabr – Konstitusiya günü, 17 noyabr – Milli Dirçəliş günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbirlər planı hazırlanmış və silsilə tədbirlər keçirilmişdir.
  12 dekabr tarixində Xəzər rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, YAP Xəzər rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar  Fəxri Xiyabanı ziyarət etmiş, abidə önünə gül dəstələri qoyulmuş, rayon ərazisində bir sıra tədbirlər həyata keçirilmişdir.
  23 dekabr- Bələdiyyə seçkilərində Xəzər RİH Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq öz səlahiyyətlərinə aid olan bütün təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmiş, seçkilərin şəffaf, demokratik keçirilməsinə hər cür şərait yaradılmışdır.
  Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonumuza bir neçə dəfə səfərlər etmişlər. Belə ki, cənab İlham Əliyev 10 yanvar tarixində Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşaası və Təmiri Mərkəzində olmuş, inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olmuşdur.
  23 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərdəkan-Qala avtomobil  yolunun açılışında iştirak etmiş, orada onun rayon sakinləri ilə səmimi söhbəti olmuşdur.
  05  sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasının açılış mərasimində iştirak etmişdir.
  06 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Buzovna qəsəbəsində yerləşən “BAİB İqlim” zavoduna səfər etmişdir.
  24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şüvəlan qəsəbəsində yerləşən 2 saylı “DOST” Mərkəzinin açılış mərasimində iştirak etmişdir.
  25 aprel tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Buzovna qəsəbəsindəki 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki  Süleyman Rüstəm adına Xarici dillər təmayüllü gimnaziyasında və orada fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud vəziyyətlə tanış olmuşdur.
  23 may tarixində Mehriban xanım Əliyeva Mərdəkan qəsəbəsində yerləşən Pir-Həsən ziyarətgahında təşkil olunmuş iftar mərasimində iştirak etmiş, sakinlərlə görüşməkdən şad olduğunu bildirmişdir.
Həmçinin qeyd edilməlidir ki, Heydər Əliyev Fondu tərəfindən rayonumuzun qəsəbələrində rayon sakinlərinin iştirakı ilə iftar süfrələri təşkil edilmişdir.
  13 iyun tarixində Mehriban xanım Əliyeva Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının açılışında iştirak etmişdir.
  Qeyd  edilməlidir ki, Azərbaycan Respublikasının I Vitse-Prezidenti  Mehriban xanım Əliyevanın tapşırığına əsasən H.Əliyev Fondunun əməkdaşları rayonumuzun qəsəbələrində olmuş, mövcud problemlərlə maraqlanmış, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikilməsi ilə bağlı tədbirlər planı hazırlanmışdır.
  Qeyd etmək istərdim ki, Xəzər rayonunun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin problemləri də İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının verdiyi tapşırıqlara əsasən rayon ərazisində yerləşən Maşınqayırma pansionatı, Yazıçılar evi, 2 saylı Vərəm sanatoriyası, Bakılı sanatoriyası, Xəzər sanatoriyası, Buzovna Vərəm sanatoriyası və Bulaq düşərgəsində məskunlaşmış 1600 nəfərdən ibarət 450 ailə müasir avadanlıqlarla təchiz olunmuş yeni mənzillərlə təmin edilmişdir.
  2019-cu il ərzində Xəzər rayon İcra Hakimiyyəti Aparatına 3629 ərizə, şikayət və müraciət, 3390 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 3629 ərizə və müraciətlərdən 907 ərizə müsbət həll edilmiş, 2919 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 43 ərizə aidiyyatı üzrə göndərilmişdir. 
  Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 344 nəfər vətəndaş iştirak  etmiş, 165 müraciət müsbət həll  olunmuş, 165 müraciətə izahat verilmiş, 14 müraciət əsasında isə müvafiq təşkilatlara məktub göndərilmişdir.
  Ötən il ərzində RİH-nin Başçısı tərəfindən qəsəbələrdə 42 səyyar qəbul  keçirilmiş, bu görüşlərdə 5011 nəfər iştirak etmiş və 181 müraciət səsləndirilmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz, su, kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil etmişdir. Səyyar qəbullarda səsləndirilmiş müraciətlərin əksəriyyəti müsbət həll olunmuş, digər məsələlərlə bağlı isə aidiyyatı qurumlara məktublar göndərilmişdir.
  Keçirilən görüşlərdə Millət Vəkili Rauf Əliyev də iştirak edərək sakinləri narahat edən problemlərin həlli istiqamətinə görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2020-ci il tarixdə keçirdiyi müşavirədə yaşıllıqların salınması və qorunması, məişət tullantılarının vaxtında yığışdırılması, qanunsuz tikililərin qarşısının alınması, abad məhəllələrin yaradılması, yerli və xarici investorların cəlb edilməsi ilə yeni sahibkarlıq subyektlərinin açılmasına kömək edilməsi, işıq, qaz, su, istilik təchizatı sahəsində ciddi tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.
  Cənab Prezidentin göstərişini rəhbər tutaraq Xəzər RİH Başçısı tərəfindən aidiyyatı şöbələrə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, bələdiyyələrə və digər qurumlara bu tapşırıqların yerinə yetirilməsi istiqamətində müvafiq işlərin görülməsi, eləcə də nəzarətdə saxlanılması tapşırılmışdır.
  Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri çərçivəsində Mərdəkan, Binə və Buzovna qəsəbələrindəki bəzi hündürmərtəbəli binaların təmir edilməsi, 4 yeni məktəbin tikilməsi, qəsəbədaxili küçələrin asfaltlaşdırılması, su xətlərinin çəkilməsi, qazlaşdırılmış ərazilərin qazla təmin edilməsi, qəsəbələrdə abad məhəllələrin yaradılması, ərazilərdə yaşıllıqların salınması və.s. işlər durur.
  Xəzər Rayon İcra Hakimiyyəti sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işlər görəcək, qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası və vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Keçidlər