Xəzər rayon məktəblərində “Novruz Bayramı”qeyd edilib
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə rayonun orta məktəblərində Novruz bayramı münasibətilə təntənəli tədbirlər keçirilir. Tədbirlərdə çıxış edən məktəb rəhbərləri və digər qonaqlar tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın əsrlərdən bəri qorunub saxlanıldığı və bütün dövrlərdə həmişə əziz və dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu bildiriblər.
Novruz bayramı adətləri və inancları Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz bayramı milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri ideyaların daşıyıcısı, qədim adət-ənənələrimizin əbədi təcəssümü kimi neçə əsrdir ki, xalqımızın həyatında mühüm yer tutur. Baharın gəlişinin, təbiətin oyanışının carçısı olan bu əziz bayram zəngin və qədim mədəniyyətimizin ayrılmaz hissəsi, insanlarda işıqlı sabaha, xoşbəxt gələcəyə inam yaradan, təbiətin bəxş etdiyi nemətləri qorumağı, onlardan səmərəli istifadə etməyi öyrədən qiymətli bir irsdir. Novruz ruzi-bərəkət, sevinc və səadət, birlik və həmrəylik rəmzidir, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir.
Keçirilən tədbirlərdə qonaqlar Novruzu dövlət bayramı səviyyəsində rəsmiləşdirmiş Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin, el mərasimlərinin bu gün də qorunub saxlanılması, böyük ruh yüksəkliyi ilə qeyd olunması üçün Ulu öndərin göstərdiyi səyləri böyük minnətdarlıq hissi ilə xatırlamışlar. 24 il bundan öncə, 1998-ci ildə Ulu öndər Heydər Əliyev deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu fikirlər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında reallaşdırıldı.
Artıq iki ildir ki, xalqımız əziz bayramımızı ikiqat sevinc hissi ilə qeyd edir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının müdrik və qətiyyətli rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun düşmən əsarətindən azad etdiyi gözəl Qarabağımız artıq iki ildir ki, Novruz bayramını milli musiqimizin xoş təranələri, doğma övladlarının sevinc və qürur sədaları ilə qarşılayır, bayram tonqalları Qələbəmizin rəmzinə çevrilir.
Novruz şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və müxtəlif bacarıqlarını nümayiş etdiriblər.