Rayonda növbəti genişmiqyaslı ümumrayon iməciliyi keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər iməciliyinin keçirilməsi ilə əlaqədar verilmiş tapşırığa uyğun olaraq, may ayının 25-i səhər saatlarından etibarən Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları və sahibkarlıq subyektləri iştirak edib.
İməcilik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının, həmçinin mərkəzi küçə və prospektlərin xüsusi texnika ilə yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülərək, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Qeyd edək ki, növbəti həftələrdə də genişmiqyaslı iməciliklərin keçirilməsi nəzərdə tutulub.