Şriftin ölçüsü :

Saytın rəngi :

`

Xəzər Rayon İcra Hakimiyyətinin 2020-ci ildəki fəaliyyətinə dair
HESABATI

Məlum olduğu kimi, 6 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilmişdir.
  Dövlət başçısı bildirmişdir ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır və Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etmişdir.
  2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən geniş danışmışdır.
  Cənab Prezident ötən il iqtisadiyyatın 4 faizdən bir qədər çox azaldığını, qeyri-neft sənayesinin 11 faizdən çox artdığını qeyd etmiş, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyaların artdığını, Neft Fondunun vəsaitinin azalmadığını və Azərbaycanın öz valyuta ehtiyatlarını qoruduğunu xüsusi vurğulamışdır.
  Əlavə olaraq Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirmişdir.
  Dövlət başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları sadalayaraq, işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulamış və bununla bağlı tapşırıqlarını vermişdir.
  2020-ci ildə Azərbaycan Respublikasının hər yerində olduğu kimi Xəzər rayonununda iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
  Belə ki, 2020-ci il ərzində 391 mln 361 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,6% çox sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.
  2020-ci il ərzində ticarət şəbəkəsindən əhaliyə 698 mln 55 min 400 manatlıq  və ya əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,1 % çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 20,6 %-i hüquqi şəxslərin, 79,4 %-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
  2020-ci il ərzində Xəzər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 216 mln 862 min 500 manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 5,7 % çox olmuşdur. Tikinti-quraşdırma işlərinin həcmi isə 787 mln 90 min 500 manat təşkil etmişdir.
   Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 2 mlrd 731 mln 315 min 300 manat həcmində xidmət göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 45,3 % artmışdır.   
   Xəzər rayonunda 2020-ci il ərzində 2876 yeni iş yeri açılmışdır. 2020-ci il ərzində Xəzər rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9%  artaraq 31335 nəfər olmuşdur.
  2020-ci il ərzində əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,3 % artaraq 832,1 manat olmuşdur.
  Xəzər rayon Məşğulluq Mərkəzi
  2020-ci il ərzində Mərkəzdə Xəzər rayonu üzrə 28173 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, onlardan 9811 nəfəri 29 yaşadək gənc, 26 nəfəri struktur dəyişikliyi ilə əlaqədar işini itirənlər, 14803 nəfəri kadr axıcılığı nəticəsində işdən azad olunanlar, 81 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 401 nəfəri məcburi köçkünlərdir. Hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan Xəzər rayonu üzrə qeyri-məşğul əhalinin 2114 nəfəri münasib işlə təmin edilmişdir.
  2020-ci il ərzində Mərkəzə Xəzər rayonu sakinlərindən 28173 nəfər müraciət etmişdir. Onlardan iş tələbi ilə müraciət edən 28150 nəfərdən 2114 nəfərin, işsizlik sığortası ilə bağlı müraciət edən 23 nəfərdən 21 nəfərin müraciəti müsbət həll olunmuşdur.
   01.01.2021-ci il tarixə Mərkəzdə Xəzər rayonu sakinlərindən 30557 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır ki, onlardan 15746 nəfəri işsiz statusu almış vətəndaşlardır. 
   2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 sahibkarlıq subyektinə (3 kənd təsərrüfatı, 2 yüngül sənaye, 1 digər sahə) 6 mln 850 min  manat güzəştli kredit verilmiş və bununla əlaqədar 64 iş yeri açılmışdır.
   Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2020-ci il ərzində xidmət olunan ərazilərdən 123 652 m3 məişət tullantıları yığılaraq daşınmışdır.
  Müqavilə əsasında məcburi köçkünlərin məskunlaşdığı düşərgə və pansionatlar, o cümlədən idarə və təşkilatlar 25660 ton içməli su ilə təmin edilmiş, 6335 ton çirkab maye isə xidməti ərazilərdən yığılaraq daşınmışdır.
  Mərdəkan qəsəbəsi, B. Əliyev küçəsi 8, 8b/2 saylı binaların ərazisində məişət tullantıları meydançasına gedən yolda 130 saylı MKİS tərəfindən piyada səkisi tikilmiş və meydançanın ətrafı mişar daşı ilə hörülmüş, konteynerlər təmir edilmişdir.
  Mərdəkan qəsəbəsi, R. Qasımov küçəsi, 1941-1945 parkının yanındakı 100 metr hasar rəngli boya ilə rənglənmiş, S.Yesenin küçəsindəki yaşıllıq zolağının ərazisində sıradan çıxmış 6 ədəd bulaqların su ventilləri yenisi ilə dəyişdirilmiş,      Mərdəkan-Buzovna istiqamətinə gedən yeni yolun kənarında yaşıllıq sahəsində mövcud ağaclar budanmışdır.
  Şüvəlan qəsəbəsi, Dəniz döngəsi küçəsi, 12 saylı binanın dam örtüyü təmir edilmiş, eyni zamanda 3 saylı yataqxana binasının sanitar qovşağında tavan təmir edilərək divarları suvaqla örtülmüşdür. Mənzil fondunun qorunub saxlanması məqsədilə və payız-qış mövsümünə hazırlıqla əlaqədar Birliyin balansında olan çoxmənzilli hündürmərtəbəli 10 ədəd yaşayış binalarının dam örtüklərinin 15835 m2 hissəsi əsaslı təmir edilmiş, eyni zamanda 10 yaşayış binalarının girişlərində 154 ədəd pəncərələr yeni plastik pəncərələrlə dəyişdirilmiş, binaların girişlərində təmir-bərpa işləri həyata keçirilmişdir.
  Yay mövsümündə dəniz çimərliklərinin ərazisində karantin dövründə sakinlərin COVİD-19 epidemiyasından qorunması məqsədilə, çimərlik obyektlərinə ara məsafələrin təşkili, obyektlərə plastmas konteynerlərin yerləşdirilməsi, müqavilələrin bağlanması və həmin obyektlərdən məişət tullantılarının vaxtı-vaxtında yığılaraq daşınması təmin edilmiş, eyni zamanda çimərliklərdə mütəmadi dezinfeksiya işləri aparılmışdır.
  Ölkədə koronavirus (COVİD 19) epidemiyasının qarşısının alınması məqsədilə əhalinin sağlamlığını təmin etmək üçün, yaşayış binalarının girişlərindəki pilləkən qəfəsləri, sərnişin liftləri, məişət tullantıları meydançaları və konteynerləri, səkilər, yollar, o cümlədən məişət tullantıları daşıyan texnikalar dezinfeksiya edilmişdir. 
  1 saylı Xüsusi Təyinatlı MKTB-nin 111 saylı MKİS-nin xidməti ərazisində 2020-ci il ərzində binaların girişi  və ətrafı zibilllərdən gündəlik olaraq təmizlənmişdir.
  V.Seryogin küçəsi 12B, Albalılıq dayanacağı 1 saylı bina, R.İmanov küçəsi ev 26A, A.Mirzəyev küçəsi 8, 10, G.Məmmədov küçəsi 16, məhəllə 2143/14 saylı binaların dam örtükləri ruberoidlə təmir olunmuşdur. R.İmanov küçəsi 4 və M.Sübhi küçəsi 2 saylı binaların damları şiferlə ortülmüşdür.
  3 saylı Xüsusi Təyinatlı MKTB-nin 112 saylı MKİS-nin xidməti ərazisində 2020-ci il ərzində Beynəlmiləl küçəsində yerləşən zibillik təmir edilmiş, ətrafına gül-çiçək əkilmiş və 4 ədəd yeni konteyner qoyulmuşdur. R.İmanov küçəsi, ev 16 və R.İmanov küçəsi, ev 2a-da navalçalar dəyişdirilmişdir.
  3 saylı Xüsusi Təyinatlı MKTB-nin 155 saylı MKİS-nin xidməti ərazisində 2020-ci il ərzində 7560 m3 məişət tullantıları gündəlik olaraq daşınmışdır. Mərdəkan qəsəbəsi, B.Əliyev 1,66,70 saylı təmir olunan binaların fasadı, girişləri və pilləkən qəfəsləri emulsiya ilə rənglənmiş, hər birinin giriş qapıları və pilləkən qəfəslərindəki pəncərələr yenisi ilə əvəz olunmuş, o cümlədən pilləkən qəfəslərinin pillələri aqlay daşı ilə üzlənmişdir.
  Hesabat dövründə S.Dadaşov küçəsi, bina 2 ünvanında 800m2, S.Dadaşov küçəsi, bina 6 ünvanında 850 m2, B.Əliyev küçəsi, bina 66 ünvanında 800 m2, B.Əliyev küçəsi, bina 70 ünvanında 800 m2, B.Əliyev küçəsi, məhəllə 6 bina 1 ünvanında  1200 m2  dam örtükləri əsaslı təmir edilmişdir. Ümumilikdə 4450 m2 dam örtüyü bərpa olunmuşdur.
  Xəzər Rayon Sukanal İdarəsi tərəfindən 2020-ci il ərzində 4200 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 1050 p/m köhnəlmiş su boruları dəyişdirilmişdir. Hesabat dövründə 3177 ədəd su qəzası aradan qaldırılmışdır.
  Bundan başqa, 8 ədəd “Dalma tipli” su nasosu quraşdırılmış, 25 ədəd “Dalma tipli” su nasosu isə təmir edilərək, saz vəziyyətə gətirilmişdir. Rayon ərazisində 80 ədədi Smart tipli, 4672 ədədi isə mexaniki sayğac olmaqla cəmi 4752 ədəd sayğac quraşdırılmış, 85 ədədi Smart tipli, 512 ədədi isə mexaniki sayğac olmaqla 597 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur.
  21500 p/m-i mexaniki üsulla, 4250 p/m-i isə maşınla olmaqla 25750 p/m kanalizasiya borusu yuyulmuş, 54 ədəd yağış barmaqlıqları mütəmadi olaraq təmizlənərək tam istismara yararlı hala gətirilmişdir. 65 ədəd kanalizasiya baxış quyusu təmir edilmiş, 38 ədəd baxış quyusu yenisi ilə əvəz olunmuş, 42 ədəd baxış luku asfalt örtüyünün altından çıxarılmışdır.
  Rayon üzrə 2020-ci il ərzində 6 mln 388 min 147 manat həcmində su və kanalizasiya xidmətləri göstərilərək, 7 mln 59 min 757 manat müqabilində ödəniş qəbul edilmişdir.
  Dövlət proqramına uyğun olaraq Azərsu ASC-nin tikinti təşkilatları tərəfindən 15190 p/m su xətti çəkilmiş, 2120 ədəd ev birləşməsi verilmiş və 1850 p/m yağış və qrunt suları xətti çəkilmişdir.
  Görülən işlərin nəticəsi olaraq, hal-hazırda 48376 abonent olmaqla 169316 nəfər əhaliyə içməli su təchizatı və çirkab su xidməti göstərilir ki, bundan da yəni 126150 nəfər əhali  fasiləsiz su ilə təmin olunur.
  Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidmətinin xidməti ərazisində 2020-ci il ərzində itkilərin azaldılması və qaz təchizatının yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tədbirlər planına əsasən, aşağıdakı işlər görülmüşdür:
   Binə qəsəbəsi, Bünyatzadə küçəsində D108 mm-lik qaz xəttinin üzərində 3 ədəd D100        mm-lik siyirtmə quraşdırılmış, “Atçılıq” adlanan ərazidə Badam bağları-1 layihəsi üzrə 38735 p/m qaz xətti çəkilərək 471 abonentə qaz sayğacı quraşdırılmış, “Lələ-təpə məhəlləsi-1” layihəsi üzrə 11580 p/m qaz xətti çəkilərək 281 abonentə qaz sayğacı quraşdırılmış, Sovxoz ərazisində “Lələ-təpə məhəlləsi-2” layihəsi üzrə 8700 p/m qaz xətti çəkilmiş, Bolluq sahəsində yeraltı istismara yararsız qaz xətlərinin yerüstü qaz xətləri ilə əvəz olunması üçün 11 km nəzərdə tutulmuş xəttin 10.300 p/m qaz xətləri çəkilmiş  və 320 abonentin qaz sayğacı yeni çəkilmiş qaz xəttinə qoşulmuş və Bakelektroavtomat ərazisində su basmış yeraltı 2000 p/m qaz xətti yerüstü qaz xətti ilə əvəz olunaraq, 52 abonentin qaz sayğacları yeni çəkilmiş xəttə köçürülmüşdur.
   Qala qəsəbəsi, Xaşa-Xuna bağları adlanan ərazidə 10200 p/m qaz xətti çəkilərək 116 abonentə qaz sayğacı quraşdırılmış, Hövsan Südçülük sovxozu Yaşıl Aptekin yanında yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə D76mm-lik 398 p/m, D57mm-lik 19 p/m qaz xətləri çəkilmişdir.
  Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu və Mayak Bağlar ərazisində 8700 p/m qaz xətti çəkilərək, 24 abonentə qaz sayğacı quraşdırılmış, Şüvəlan- Buzovna yolunun sağ tərəfində 17 abonentə nəzərdə tutulan 1500 p/m qaz xətti çəkilmiş, Şüvəlan qəsəbəsi, H.Mövlan bağlarında yaşayan abonentlərin qaz təchizatını yaxşılaşdırılması məqsədilə D76mm-lik 64 p/m qaz xətti çəkilmişdir.
  Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində ŞQTM-400m3/saatlıq qaz tənzimləyici quraşdırılmış, Kolxoz və Əzizbəyov küçəsində 3 ədəd D108 mm-lik, 2 ədəd D76 mm-lik siyirtmə quraşdırılmışdır. R.Cəfərov və R.Qasımov küçələrinin ümumi uzunluğu 350 p/m olan yeraltı qaz xətti yerüstü qaz xətti ilə əvəz olunmuşdur.
  Buzovna qəsəbəsi, M.Nağıyev küçəsində D108 mm-lik qaz xətti üzərindəki istismara yararsız 3 dəst, Xələfov küçəsində D 108 mm-lik qaz xətti üzərindəki istismara yararsız 3 dəst, R. Axundov küçəsində D57 mm-lik qaz xətti üzərindəki istismara yararsız 2 dəst siyirtmə yenisi ilə əvəz edilmişdir.
  Buzovna qəsəbəsi, Abşeron və Dərbənd küçələrində 5300 p/m qaz xətti çəkilmiş, Lermontov və M.Sübhi küçələrinin birləşməsində yeraltı 1500 p/m qaz xətti yerüstü qaz xətti ilə əvəz edilmiş, Buzovna-Bilgəh yolunun sol hissəsində, D325 mm-lik MTN xəttinin yeraltı 400 p/m qaz xətti yerüstü qaz xətti ilə əvəz edilmişdir.
  Əlavə olaraq Buzovna qəsəbəsi, Bilgəh yolu “BAİB İqlim” zavodunun arxasında yeni qazlaşdırma işləri ilə əlaqədar D108: D76: D57 mm-lik 975 p/m qaz xətti çəkilmiş, 65 abonentin qaz sayğacı quraşdırılmişdır.
  Şağan qəsəbəsini təbii qazla təmin edən D219 mm-lik qaz xəttinin 1200 p/m hissəsi əsaslı təmir olunmuş, qəsəbədə yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə D57mm-lik 284 p/m, PE 50mm-lik 40 p/m qaz xətləri çəkilmişdir.
  Zirə qəsəbəsi, N.Hüseynov küçəsində D108mm-lik qaz xəttinin üzərindəki istismara yararsız 3 ədəd siyirtmə, Təzə sahə D108mm-lik, D57mm-lik qaz xətlərinin üzərindəki istismara yararsız 8 dəst və 2 dəst siyirtmələr yenisi ilə əvəz olunmuşdur.  Təzə sahə D57mm-lik qaz xəttinin üzərindəki istismara yararsız 1 dəst siyirtmə yenisi ilə əvəz olunmuşdur.
  Zirə qəsəbəsi, Dənizkənarı küçəsində 200 abonent üçün nəzərdə tutulan 19200p/m yeni qaz xətti çəkilmişdir.
  Türkan qəsəbəsi, Üzümçülük sovxozunda müxtəlif diametrli qaz xətlərinin üzərində 18 dəst, Xanlar küçəsində müxtəlif diametrli qaz xətlərinin üzərində 12 dəst siyirtmə quraşdırılmışdır. Əlavə olaraq Türkan-Zirə yolunun sol hissəsi və Türkan qəsəbəsi, Dənizkənarı küçəsində 116 abonent üçün nəzərdə tutulan 20.700 p/m yeni qaz xətti çəkilmişdir.
  Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 2020-ci il ərzində elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə ümumilikdə 710 ədəd olmaqla rayon ərazisində yerləşən KTM və TM-lər cari təmir və təftiş olunmuş, 13 ədəd güc transformatoru dəyişdirilmiş, 6 ədəd KTM yenisi ilə əvəz edilmiş, 11 ədəd yeni KTM quraşdırılmışdır.
  Rayon ərazisində hesabat dövrü ərzində 20047 m yüksək gərginlikli naqil dəyişdirilmiş və 9515 m isə yüksək gərginlikli naqil çəkilmişdir. 11 ədəd yüksək gərginlikli dayaq dəyişdirilmiş və 63 ədəd yüksək gərginlikli dayaq quraşdırılmışdır. 12154 m SİP kabel xətləri dəyişdirilmiş və 7486 m SİP kabeli çəkilmişdir. Görülən işlərin davamı olaraq, 65 ədəd birləşdirici mufta, 118 ədəd isə dayaq muftası qoyulmuşdur.
  Zirə Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 2020-ci il ərzində əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Zirə qəsəbəsi üzrə: 7 KTM-də yeni ÖİN  hava xətti çəkilmiş, 29 ədəd KTM-in ÖİN hava xəttinin dayaqları rənglənmiş, 6 ədəd KTM-in ÖİN hava xətti təmir edilmiş, 2 ədəd KTM elektrik sayğacları ÖİN hava xəttinə quraşdırılmış, 1 ədəd KTM-in ÖİN hava xətti  dayaqları basdırılmış və 1 ədəd KTM-in ÖİN hava xəttinin istismara yararsız olan bir hissəsi dəyişdirilmişdir. 16 ədəd KTM-ə baxış keçirilmiş və ətrafı otlaqlardan təmizlənmişdir.
  Türkan qəsəbəsi üzrə: 3 KTM üzrə ÖİN  hava xətti çəkilmiş, 26 ədəd KTM və 4 ədəd TM-də profilaktik təmir işləri görülmüşdür. 1 KTM-də 6 kv-luq hava xətti çəkilmişdir. 5 ədəd KTM rənglənmiş və 6 ədəd KTM çəpərlənmiş, 2 ədəd KTM baxış keçirilmiş, 1 ədəd KTM və 1 ədəd TM-də transformatorlar təftiş edilmişdir.
  “Bakı Şəhər İşığı” EŞM (Elektrik Şəbəkə Müəssisəsi) Xəzər Texniki İstismar Sahəsi tərəfindən 2020-ci il ərzində Xəzər TİXS tərəfindən Xəzər rayonunda işıq dirəklərinə 3264 ədəd lampa salınmış, 20 ədəd yararsız dirək yenisi ilə əvəz olunmuş, 51 ədəd yararsız işıqlandırıcı yenisi ilə dəyişdirilmişdir.
    Bundan başqa 9295 metr yanmış kabel yenisi ilə əvəz olunmuşdur. Rayon ərazisində dirəklər arası kabel xəttində baş vermiş qısa qapanmalar vaxtında aradan qaldırılmışdır. İşıqlandırıcılar təmir olunmuşdur.
Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində 76 ədəd işıqlandırıcı (2400m), Qala qəsəbəsi Yeni sahə 323 saylı məktəb yolunda 79 ədəd işıqlandırıcı (2575m), Hərbi hissə 19 saylı Kəlbəcər məktəbinə gedən yolda 57 ədəd işıqlandırıcı (1940m), Bakelektroavtomat və Bolluq yolunda 137 ədəd işıqlandırıcı (4882m), Bakı Şəhər İcra Hakimiyyəti və podratçı quraşdırma  idarələri tərəfindən işıqlandırılıb, tam istifadəyə verilmişdir.
Xəzər Rayon 5 saylı Rabitə Xidmətləri Mərkəzinin quraşdırılmış montaj tutumu 07.01.2021-ci il tarixinə 73257 nömrə və istifadə olunan abunəçi tutumu isə 61565 nömrə təşkil etmişdir.Tarif gəliri üzrə 7 mln 610 min manat proqnoza qarşı 9 mln 636 min 200 manat gəlir əldə etməklə proqnoz 127% yerinə yetirilmişdir.
  Hesabat dövründə 2363 ədəd yeni nömrə qoşulmuş və 553 ədəd nömrə bərpa olunmuşdur. 2020-ci il ərzində 5 Saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən 12163 ədəd sürətli internet ADSL qoşulmuşdur. Genişzolaqlı yüksəksürətli internet xidmətlərindən istifadə edən ümumi abunəçilərin sayı 07.01.2021-ci il tarixinə 45651 nömrəyə çatdırılmışdır.
  “Azərpoçt” MMC-nin 4 saylı Poçt filialı tərəfindən 2020-ci il üçün təyin olunmuş proqnoz 1 mln 280 min 600 manata qarşı 1 mln 195 min 327 manat icra edilmişdir.
  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bağlama qəbulunda 23284 manat, qiymətli  məktub və kiçik paketlərin qəbulu üzrə - 855 manat, teleqram qəbulu üzrə - 55 manat, pul köçürmələri üzrə - 40091 manat, Beynəlxalq pul köçürmələri üzrə - 16892 manat artım əldə olunmuşdur.   Hesabat dövründə rayon ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, daxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri, elektrik xətləri yeniləşdirilmiş, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
  İl ərzində Xəzər Rayon İcra Hakimiyyəti öz daxili imkanları hesabına qəsəbələrdə mövcud olan piyada səkilərinin təmir-bərpası işlərini görmüş, sakinlərin rahat hərəkətinin təmin olunması üçün tədbirlər həyata keçirmişdir. Həmçinin qəsəbələrdəki parklara baxış keçirilərək çatışmazlıqlar öyrənilmiş və verilən tapşırıqlara əsasən həmin parklarda qazon örtükləri, bardyurlar bərpa  edilmiş, oturacaqlar və kölgəliklər təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
  2020-ci il ərzində Şağan qəsəbəsinin H.Məmmədbəyli, Q.Almaszadə, M.Məmmədov və Qazmaçılar küçələrinə “Bakı Abadlıq” idarəsi tərəfindən yol işıqlarının çəkilməsi istiqamətində quruculuq işləri görülmüş, işiq dirəklərinin basdırılması istiqamətində işlər nəzərdə tutulmuşdur. 
    Qala-Pirallahı yolunun sağ və sol hissəsində mövcud hasar, müxtəlif növ tikililər və yolboyu həyətyanı sahələrin darvazaları ümumilikdə 9000 m2 əhəng və 360 m2 boya istifadə olunmaqla rənglənmişdir.
    Şüvəlan qəsəbəsinə yeni verilmiş 22 ədəd plastik konteynerlər, İstiqlaliyyət küçəsinə-3 ədəd, H.Əliyev küçəsinə - 2 ədəd, Mayak yaşayış massivinə - 3 ədəd, V.Orucov küçəsinə-1 ədəd, A.İldırım küçəsinə-4 ədəd, H.Məmmədov küçəsinə-3 ədəd, M.B.Qasımov küçəsinə-4 ədəd, Şüvəlan bağ massivinə-2 ədəd qoyulmuşdur.
    Şüvəlan qəsəbəsi üzrə V.Orucov, H.Məmmədov, Nizami küçəsi, döngə 4, Maligin, Gülçülük sovxozu ərazisi, İ.Muradov küçəsi, Ə.H.Qarayev, Sabir  və H.Əliyev küçələrində 10000 metr uzunluğunda işıqlandırma işləri aparılmışdır.
Mərdəkan qəsəbəsinin Şərq küçəsində yerləşən “Şıx” qalasında təmir-bərpa işlərinə başlanılmışdır. Bakı Abadlıq Xidməti tərəfindən Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsində, eləcədə məhəllələrdə estetik cəhətdən qəsəbənin ümumi görünüşünə xələl gətirən hasarların təmir-bərpa işlərinin görülməsinə başlanılmış və hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir. Həmçinin qəsəbənin H.Z.Tağıyev, 28 May, Q.İlkin, K.Şirəliyev və Ş.İsgəndərov küçələrində gecə işıqlarının çəkilməsinə başlanılmışdır.
    Mərdəkan qəsəbəsinin B.Əliyev küçəsində 489 nəfər sakinin yaşadığı 3200 m2 ərazini əhatə edən “Abad məhəllə”də işlər davam etdirilməkdədir. Layihəsi çərçivəsində Mərdəkan qəsəbəsinin B.Əliyev 1, 66, 70 və məhəllə 6, bina 1 saylı çoxmənzilli binaların həyətləri və səkiləri 1200 m2 üzlük daşları ilə döşənmiş, 400 p/m bardyur qoyulmuş və həyətə yeni işıqlandırma sistemi quraşdırılmışdır. Əlavə olaraq həmin binaların fasadı, girişləri və pilləkən qəfəsləri rənglənmiş, hər birinin giriş qapıları və pilləkən qəfəslərindəki pəncərələr yeniləri ilə əvəz olunaraq, pilləkən qəfəslərinin pillələri aqlay daşı ilə üzlənmişdir.
Hesabat dövrü ərzində Binə qəsəbəsində təmirə ehtiyac olan küçələrdə  cari  təmir  işlərinin  aparılması,  habelə  zəruri  olan  yerlərdə  3650 m2,  həmçinin  qəsəbənin  İ.Əhmədov  küçəsi,  2  saylı  binasının  qarşısında   “Abad  məhəllə”  layihəsi çərçivəsində salınmış  parkın  ərazisinə  1600 m2, eyni zamanda qəsəbənin  Babək  və   86-cı   küçələrinə 15000 m2  asfalt  örtüyünün salınması  təmin  edilmişdir.
Həmçinin Binə qəsəbəsinin N.Abbasov, Xəqani, H.Hasilov, İ.Nəsimi,  Dəmiryol, A.Bakıxanov, Ş.İ.Xətai  Q.B.Zakir,  N.Gəncəvi,  R.Məmmədhüseynov, M.Ə.Sabir  və 158-ci   küçələrinə  Bakı  şəhər  İcra  Hakimiyyətinin  sifarişi  ilə  “Bakı  abadlıq” MMC tərəfindən  işıqlandırma  dirəkləri quraşdırılmışdır.
  Binə qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü NEQSOL Holdinqin maliyyə dəstəyi ilə yaşayış evlərini və yolları yağış sularından qorumaq üçün ümumilikdə 1 160 m3 həcmi olan 4 beton rezervuarı tikilmiş, suların təxliyəsi üçün 2 018 metr boru çəkilərək, 68 ədəd barmaqlıq quraşdırılmışdır. Küçələrin işıqlandırılması məqsədi ilə 48 ədəd köhnə işıq dirəkləri təmir edilmiş, həmçinin 24 yeni işıq dirəkləri quraşdırılmaqla, 939 metr elektrik enerji xətləri çəkilmişdir.
Həmçinin, Nizami Abbasov küçəsində yerləşən orta məktəbin 325 metr uzunluqda hasarı təmir olunaraq, təməli daş və beton ilə yenidən qurulmuşdur.
Binə qəsəbəsində digər bir neçə avtomobil yolunun da yenidən qurulması nəzərdə tutulur. Cari ilin ilk həftəsi uzunluğu 2,2 km olan Məhəmməd Füzuli küçəsinin və yolətrafı infrastrukturun yenidən qurulması və asfaltlanması layihəsinin icrasına başlanılmışdır.
  “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25.08.2020-ci il tarixli 169 nömrəli Sərəncamının 5-ci bəndinin icrası ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilmişdir.
  Koronavirus (COVID-19) pandemiyası qaydalarına uyğun olaraq onlayn keçirilən müşavirədə rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma, yaşıllaşdırma işləri, mövcud sanitar-təmizlik işlərinin vəziyyəti müzakirə olunmuş və qəsəbələrdə sanitar vəziyyətin öyrənilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı kompleks tədbirlərin görülməsinin təmin edilməsi istiqamətində müşavirə iştirakçılarına ciddi tapşırıqlar verilmiş, rayon ərazisində sanitar vəziyyətin monitorinqinin aparılması üçün işçi qruplarının yaradılması və  rayonda təmizlik ayının keçirilməsi qərara alınmışdır.
  Qərarın icrası ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu yaradılmış və qəsəbələrdə sanitar vəziyyətin öyrənilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı rayon ərazisində “Təmizlik ayı”na start verilmişdir.
  "Təmizlik ayı" çərçivəsində rayonun Qala qəsəbəsinin “Bolluq”, Binə qəsəbəsinin “Atçılıq”, Buzovna qəsəbəsinin “Təmənis” yaşayış massivində, Mərdəkan qəsəbəsinin “Mərdəkan-Qala” avtomobil yolunun kənarlarında, Şağan qəsəbəsinin inzibati ərazi dairəsinə düşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus sərbəst ərazilərdə, Şüvəlan qəsəbəsinin Hacı Mövlan bağları ərazisində və mayak yolunda, Ramanı qəsəbəsinin Xəzər rayonunun inzibati ərazisinə düşən hissəsində, Qala-Pirallahı avtomobil yolunun sağ və sol hissələrində, Türkan qəsəbəsinin Üzümçülük Sovxozu ərazisində, Xəzər dənizinin sahillərində texnikalar və canlı qüvvə cəlb edilməklə genişmiqyaslı təmizlik işləri aparılaraq, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənmiş və yığılan məişət tullantılarının Balaxanı poliqonuna daşınması təmin edilmişdir.
  Eyni zamanda, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə rayon ərazisinin sanitariya qaydalarına və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müntəzəm daşınması RİH tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılmışdır.
  Bundan əlavə, qəsəbələrdə məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərə ehtiyacı olan yerlər müəyyənləşdirilərək, əlavə iri tutumlu konteynerlər qoyulmuş, həmçinin qəsəbələrdə konteynerlər qoyulması üçün yeni yerlər tikilmişdir.
  Bu günün ən vacib məsələlərdən biri də yaşıllıqların salınması və onlara  qulluq edilməsinin təşkilidir. Bildiyiniz kimi 2019-cu il ərzində rayon ərazisində 56 min 300 ədəd  müxtəlif növ ağac əkilmişdir. 2020-ci il ərzində Binə qəsəbəsində 2450, Buzovna qəsəbəsində 2210, Qala qəsəbəsində 1490, Şağan qəsəbəsində 640, Şüvəlan qəsəbəsində 1620, Türkan qəsəbəsində 1350, Zirə qəsəbəsində 1180, idarə-müəssisə və təşkilatlar tərəfindən 4100 olmaqla  ümumilikdə rayon ərazisində 15040 ədəd ağac əkilmişdir. Hazırda yaşıllıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası və qəsəbədaxili küçələrin asfaltlaşdırılması işləri aparılmışdır.
  2020-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zirə qəsəbəsi Yeni sahə və Südçülük Sovxozu adlanan ərazilərdə, Ordubadi və Natavan küçələrində 60700 m2, Türkan qəsəbəsi Xanlar küçəsində və Üzümçülük Sovxozu adlanan ərazidə 46200 m2, Binə qəsəbəsi Bakavtomat adlanan ərazi, Atçılıq yaşayış massivi, “Ramana” yaşayış massivi, “Hövsan Südçülük Sovxozu” adlanan ərazilərdə və R.Səfərov küçəsində 70450 m2 olmaqla ümumilikdə rayon ərazisində 177350 m2  asfalt örtüyü salınmışdır.
   Həmçinin orta təmir hesabına Şüvəlan qəsəbəsi H.Məmmədov, M.Ə.Sabir küçələrində və Gülçülük Sovxozu adlanan ərazidə 6050 m2, Zirə qəsəbəsi Yeni sahə adlanan ərazidə 7500 m2, Şağan qəsəbəsi N.Məmmədov küçəsində 2000 m2, Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində 15900 m2 və Buzovna qəsəbəsi İzmir küçəsində 2500 m2 olmaqla ümumilikdə rayon ərazisində 33950 m2 olan küçələrdə yenidənqurma işləri aparılmışdır.
Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Mərdəkan qəsəbəsi R.Qasımov, S.Yesenin, R.Cəfərov küçələrində 5430 m2, Şüvəlan qəsəbəsi Gülçülük Sovxozu adlanan ərazidə 2500 m2, Türkan qəsəbəsi Bağ sahələrində 13760 m2 olmaqla ümumilikdə 21690 m2 asfalt örtüyü salınmışdır.
   Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və NEQSOL Holdinqin maliyyə dəstəyi ilə Binə qəsəbəsində Nizami Abbasov və Xaqani küçələrində yaşayış evlərinin qarşısı və məhəllədaxili yollara ümumilikdə 27791 m2 asfalt örtüyü salınmış, əlavə olaraq yerli əhalinin həmin küçələrin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 1 930 metr uzunluqda piyada yolları tikilərək, asfalt örtüyü salınmışdır.
  Xəzər rayonu ərazisində Heydər Əliyev Fondu və digər investisiya layihələri çərçivəsində təmir və tikintisi gedən 14 obyekt mövcuddur ki, bunlardan Buzovna qəsəbəsində Professor Gindes adına Uşaq Vərəm sanatoriyasının yeni binasının, 7 nömrəli Vərəm dispanseri üçün yeni binanın, Binə qəsəbəsində 1600 yerlik yeni məktəb binasının və Mərdəkan qəsəbəsində H.Z.Tağıyevin ev muzeyinin təmir-tikintisi və əsaslı təmiri işləri başa çatdırılmış, Buzovna qəsəbəsində 229 nömrəli uşaq bağçasının, Binə qəsəbəsində Bolluq yaşayış massivində yeni məktəb binasının, Atçılıq və Təmənis ərazisində 1400 yerlik yeni məktəb binasının, yeni uşaq bağçasının və tibb məntəqəsinin , 2146-cı məhəllədə 2 yaşayış binasının,  Mərdəkan qəsəbəsi S.Rüstəm adına 3 nömrəli Xarici Dillər Gimnaziyasının yeni binasının, Laçın rayonu 32 nömrəli tam orta məktəbin yeni korpusunun və Şüvəlan qəsəbəsi 12 saylı internat məktəbinin 2 mərtəbəli yeni korpusunun, Şağan qəsəbəsində Şağan Reabilitasiya pansionatının tikintisi və əsaslı təmiri işləri davam etdirilir.
  Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə bir çox kütləvi tədbirlər keçirilmişdir.
  17 yanvar tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə "Azadlığa gedən yol" adlı anım mərasimi keçirilmişdir.
  20 Yanvar tarixində RİH Aparatı işçilərinin, YAP Xəzər rayon təşkilatının və rayon ictimaiyyəti nümayəndələrinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuşdur.
  31 yanvar tarixində  Xəzər Rayon İcra Hakimiyyətinin, Xəzər Rayon Gənclər və İdman İdarəsinin, Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə Şağan Mədəniyyət Evində 2020-ci il “Könüllülər ili” və 2 Fevral - Gənclər Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
  25 fevral tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Mərdəkan Mədəniyyət Sarayında  “26 fevral-Xocalı soyqırımı”nın 28-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir.
  19 mart tarixində xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları tərəfindən rayonun bütün qəsəbələri əhatə olunmaqla bir qrup şəhid ailəsi ziyarət olunmuş, bayram sovqatı paylanılmışdır.
   1 iyun tarixində "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Xəzər rayonunda yaşayan aztəminatlı ailələr ziyarət edilərək, həmin ailələrdə yaşayan uşaqlara hədiyyələr verilmişdir.
  31 iyul və 1 avqust tarixlərində RİH tərəfindən Şəhid ailələrinə, Qarabağ əlillərinə və Böyük Vətən Müharibəsi əlil və iştirakçılarına, ahıl vətəndaşlara, aztəminatlı ailələrə ümumilikdə 1500 ailəyə ərzaq payları verilmişdir.
  1 oktyabr tarixində Xəzər rayonunda “Beynəlxalq Ahıllar Günü” münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan 50 nəfər tənha, kimsəsiz və yaşlı ahıllar karantin rejiminin qaydalarına əməl olunmaqla ziyarət edilmiş, sovqatlar təqdim olunmuşdur.
  10 oktyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şanlı qələbəsi münasibətilə Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Heydər Əliyev parkında ucaldılan Ulu Öndərin abidəsi ziyarət edilərək, şanlı qələbəmizlə bağlı şüarlar səsləndirilmişdir.
  12 dekabr tarixində xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü Xəzər rayon ictimaiyyəti tərəfindən dərin məhəbbət və ehtiramla yad edilmiş, Rayon ictimaiyyətinin nümayəndələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə Xəzər Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişdirlər.
  Hesabat dövründə Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində həyata keçirilən tədbirlər Xəzər rayonunda da uğurla davam etdirilmişdir. Bu məqsədlə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 32 mobil qrup fəaliyyətə başlamışdır. Belə ki, daxilində DİN, Prokurorluq və DTX-nin əməkdaşları olmaqla, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupların üzvləri tərəfindən rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ciddi nəzarətdə saxlanılmış, pandemiya ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparılmış, yerlərdə mütəmadi olaraq reydlər keçirilmişdir. Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən ticarət obyektləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilmişdir. Həmçinin, küçə və prospektlərdə, məhəllələrdə mütəmadi olaraq aparılan reydlər zamanı sərtləşdirilmiş xüsusi karantin dövrlərində vətəndaşların evdən çıxmamaları və maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilmələri ilə bağlı rayon sakinlərinə ciddi xəbərdarlıqlar olunmuş və sakinlərə spirt, tibbi maskalar və əlcəklər paylanılmışdır.
  Bütün bu işlərlə yanaşı, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri cəlb olunmaqla rayonun mərkəzi küçə və prospektlərində mütəmadi olaraq gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulmuşdur. Eyni zamanda, mütəmadi olaraq rayon ərazisindəki yaşayış binalarında, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, yol kənarlarında və səkilərdə, dayanacaqlarda və ticarət obyektlərinin ətraflarında dezinfeksiya işləri aparılmışdır.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən koronavirusa yoluxma riskinin azaldılması məqsədilə metodiki göstəricilər əsasında hazırlanan izahedici qaydalarla bağlı 10000 ədəd buklet və broşura çap etdirilərək, mobil qrup üzvləri tərəfindən rayon sakinlərinə paylanılmışdır.
  Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılmışdır. Belə ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrlərdə insanlara dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına qoşularaq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq yardımları, tibbi vasitələr, infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici çap materialları paylanılmış və onların problemləri dinlənilmişdir.
  Bu dövr ərzində şəhid ailələri və digər qayğıya ehtiyacı olan ailələrdə diqqətdən kənarda qalmamışdır. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının əməkdaşları tərəfindən rayonun bütün qəsəbələri əhatə olunmaqla bir qrup şəhid ailələri ziyarət olunmuş, ərzaq məhsullarından ibarət yardım payları verilmiş və gündəlik qayğıları ilə maraqlanılmışdır.
  Bundan əlavə əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlar xüsusi diqqətdə saxlanılmışdır. Belə ki,  Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən 2232 ədəd, Heydər Əliyev Fondu tərəfindən 10313 ədəd, Digər təşkilatlar tərəfindən 3338 ədəd, imkanlı şəxslər tərəfindən 242 ədəd olmaqla, ümumilikdə 16125 ədəd ərzaq payı verilmişdir.
  Pandemiya dövründə Xəzər rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi, bələdiyyələr, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq qoşulmuşdurlar.
  Əlavə olaraq pandemiya ilə mübarizə çərçivəsində yay mövsümündə əhalinin çimərliklərdə səmərəli və təhlükəsiz istirahətlərinin təşkili məqsədilə RİH tərəfindən mobil qruplar yaradılmış və mobil qruplar tərəfindən mütəmadi olaraq çimərlik zonalarında reydlər təşkil olunaraq əhalinin maarifləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
  Sevindirici haldır ki, cari dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonumuza bir neçə dəfə səfərlər etmişlər.
  26 Avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişlər.
  26 Avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan yataqxana binasının açılış mərasimində iştirak etmişlər.
  09 Sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etmişdir.
  22 Sentyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılış mərasimində iştirak etmişdir.
 Həmçinin Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondunun əməkdaşları rayonumuzun qəsəbələrində olmuş, mövcud problemlərlə maraqlanmış, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikilməsi ilə bağlı tədbirlər planı hazırlanmışdır.
   Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına əsasən “Hərbi vəziyyət elan edilməsi” ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatında, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, bələdiyyələrdə və Xəzər Rayonu ərazisində fəaliyyət göstərən idarə-müəssisə və təşkilatlarda, təhsil və səhiyyə müəssisələrində gücləndirilmiş növbətçilik (sutkalıq) təşkil edilmiş və nəzarət mexanizmi yaradılmışdır.
    Habelə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanmış və Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi, eləcə də, ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayon icra hakimiyyətləri tərəfindən şəhid ailələri ilə aparılan işlərin sistemli təşkil olunması, hər bir ailəyə icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşının təhkim edilməsi, onların müraciətlərinin yüksək diqqət və həssaslıqla araşdırılması, dövlət tərəfindən keçirilən tədbirlərlə tam əhatə olunmalarının təmin edilməsi və aidiyyəti qurumlarla əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə 24.12.2020-ci il tarixli, 246 nömrəli sərəncamla geniş tərkibli komissiya yaradılmış və bu istiqamətdə bütün işlər nəzarətə götürülmüşdür.
  Xəzər Rayon İcra Hakimiyyəti Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların dəfn proseslərini təşkil etmiş, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə, müharibə iştirakçıları və qazilərlə görüşlər keçirmiş və problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. 
   Keçirilən görüşlər zamanı Xəzər Rayon İcra Hakimiyyəti, bələdiyyələr, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə-müəssisə və təşkilatlar həmçinin, sahibkarlar tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçılarına maddi köməkliklər göstərilmiş və ərzaq yardımları verilmişdir.
    Eyni zamanda Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinin mənzil növbəliliyinin dəqiqləşdirilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
  2020-ci il ərzində Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatına Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından 889, Milli Məclisdən 21, Nazirlər Kabinetindən 69, Bakı Şəhər İcra Hakimiyyətindən 177, Digər Respublika təşkilatlarından 84, Rayon əhalisindən 2648 olmaqla, ümumilikdə 3888 ərizə, şikayət və müraciət daxil olmuşdur.
  Hesabat dövründə Xəzər RİH başçısı tərəfindən qəsəbələrdə 8 səyyar qəbul keçirilmiş, 809 nəfərdən çox vətəndaş iştirak etmiş, 31 müraciət səsləndirilmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz, su, kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil etmişdir.    
  Səyyar qəbullarda səsləndirilmiş müraciətlərin əksəriyyəti müsbət həll olunmuş, digər məsələlərlə bağlı isə aidiyyətı qurumlara məktublar göndərilmişdir.
  2020-ci il ərzində RİH başçısının qəbulunda 59 vətəndaş iştirak etmişdir. 59 müraciətdən 35-i müsbət həll edilmiş, 22 izahat verilmiş, 2 müraciət əsasında müvafiq təşkilatlara müraciətlər olunmuşdur.
Pandemiya dövründə insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı, açıq qəbulların da təxirə salınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun olaraq dövlət orqanlarında vətəndaş qəbullarının dayandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamaq və sağlamlıqlarının qorunması istiqamətində tövsiyə və tapşırıqlarına əsasən Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq, vətəndaşların onlayn qəbulları keçirilmiş, sakinlərin müraciətləri dinlənilmiş və vətəndaşların problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi istiqamətində tədbirlər görülmüşdür.
  Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri çərçivəsində Mərdəkan, Binə və Buzovna qəsəbələrindəki bəzi hündürmərtəbəli binaların təmir edilməsi, yeni məktəblərin tikilməsi, qəsəbədaxili küçələrin asfaltlaşdırılması, su xətlərinin çəkilməsi, qəsəbələrdə abad məhəllələrin yaradılması, ərazilərdə yaşıllıqların salınması və.s. işlər durur.
  Xəzər Rayon İcra Hakimiyyəti sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işlər görəcək, qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası və vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Keçidlər