Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın ailə üzvləri ilə görüş keçirilib
25 fevral tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rauf Əliyev, RİH başçısının aparatının nümayəndələri, Xocalıdan olan şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər.
İlk olaraq Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşən Salahov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qətliam haqqında ətraflı məlumat vermiş, bu hadisənin bəşəriyyətə qarşı ağır cinayət olduğunu vurğulamışdır. Bildirmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur və bu soyqırımı aktına beynəlxalq hüquqi-siyasi qiymət verilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlər aparılır.
Çıxış edən YAP İdarə Heyətinin üzvü Rauf Əliyev bildirmişdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır. O qeyd etdi ki, ulu öndər Heydər Əliyev növbəti dəfə hakimiyyətə gəldikdən sonra faciəyə siyasi-hüquqi qiyməti verildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirilir.
44 günlük Vətən Müharibəsində qazanılan zəfərə toxunan digər natiqlər bildiriblər ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəsələr də, ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdiyini, qəhrəmanlıq və dəyanət göstərdiyini vurğulayıb.
Görüşdə iştirak edən Xocalı şəhid ailələri İman Allahvediyev, Məlahət Hüseynova, Abışov Məhəmməd və Tacimə Quliyevə 1992-ci ilin 26 fevralında erməni faşistləri tərəfindən törədilmiş faciədən danışdılar. Onlar bildirdilər ki, Xocalıda yaşayan 7 min əhalidən min nəfərdən çoxu qətl edildi və itkin düşdü. Qarlı meşədən keçərək Ağdama üz tutan sakinlərin çoxu donvurmadan həyatlarını, sağlamlıqlarını itirdilər. Xocalı faciəsi XX əsrdə törədilmiş ən qanlı terror hadisəsi idi. Bu gün antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş Xocalı şəhərində yeni dövr başlanır. Artıq Xocalı sakinləri doğma evlərinə qayıdır. Tezlikə biz də evlərimizə qayıdacağıq.
Sonda Xocalı sakinləri öz doğma şəhərlərinə qaytaran ordumuza və Ali Baş Komandana öz minnətdarlıqlarını bildirdilər.






