Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirilmişdir.
15 may 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanovun sədrliyi ilə keçirilən müşavirədə FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Xəzər rayon bölməsinin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Polis İdarəsinin, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin, Xəzər Rayon Sukanal İdarəsinin, Bakı Regional Qaz İstismar İdarəsinin Xəzər Xidmət Sahəsinin, həmçinin təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, çimərlik əraziləri olan RİHB-nin QİƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri və çimərlik operatorları iştirak etmişdilər.
Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov açaraq giriş nitqi söyləmişdir. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Çimərliklərin İstismarına Nəzarət şöbəsinin inspektoru, kapitan Seyidağa Orucov "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda məruzələrlə çıxış etmişdilər.
Müşavirədə iştirak edən rayon təşkilatlarının rəhbərləri və məsul əməkdaşları öz fəaliyyət sahələrinə uyğun olaraq; yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər, tibbi xidmətin göstərilməsi istiqamətində planlaşdırılan tədbirlər, dəniz suyunun təmizlik vəziyyəti və asayişin təmin olunması ilə bağlı ətraflı məlumat vermişdilər.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılmış və çimərlik operatorlarının sualları cavablandırılmışdır.






