Xəzər rayonunda Zəfər Günü qeyd olunub
Xəzər rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib.
6 noyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə rayon məktəblilərinin əl işlərindən ibarət Zəfər Gününə həsr olunmuş rəsm sərgisiylə tanış olublar.
Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşayəti ilə Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Zəfər günü ilə bağlı Azərbaycan xalqına ünvanladığı təbrik videosu nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov “8 Noyabr – Zəfər Günü” ilə bağlı tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən Müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib. Həmçinin, 19-20 sentyabr tarixlərində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bir daha bərpa etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ Müharibəsinin Azərbaycan tarixinə şanlı səhifələr yazdığını, Azərbaycan dövlətinin Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdiyini, Vətən Müharibəsində Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrünün bütün nəsillərə örnək olduğunu qeyd ediblər.
Daha sonra çıxış edən şəhid Ramil Yusifzadənin anası Reyhan xanım Yusifzadə Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra bir qrup hərbi qulluqçunun “Vətən müharibəsi iştirakçısı” medallarının təqdim edilməsi mərasimi keçirilib.
Mərasimdən sonra respublikanın tanınmış incəsənət xadimlərinin və rəqs qruplarının iştirakı ilə təntənəli konsert proqramı keçirilib. Sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.