Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olan gənclərlə görüş keçirilib

11 sentyabr 2026 | 17:34

Xəzər rayonunda 11 sentyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Zirvəyə gedən yol: Təhsil və gələcəyin memarları” adlı tədbir keçirilib.

YAP Xəzər Rayon Təşkilatının inzibati binasında keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Gülşən Paşayeva və Günay Əfəndiyeva, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın sektor müdirləri və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və müəllimləri, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.

Görüş Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin təhsil strategiyasının bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, rayonda təhsil infrastrukturunun davamlı olaraq müasirləşdirildiyini vurğulayıb. E.Salahov dövlət qayğısının nəticəsi olaraq bu tədris ilində Xəzər rayonu üzrə 61 abituriyentin 600-dən yuxarı bal topladığını, xüsusən də təhsillərini Qarabağ Universitetində davam etdirəcək gənclərin sayının artmasının qürurverici hal olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatları Gülşən Paşayeva və Günay Əfəndiyeva çıxışlarında gənclərin təhsil sahəsində əldə etdikləri yüksək nəticələrin ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək tələbə adını qazanan gəncləri təbrik edib və onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Deputatlar dövlət tərəfindən gənclərin təhsilinə göstərilən diqqət və qayğının onların uğurlarının əsas amillərindən biri olduğunu vurğulayıblar.

YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək yüksək nəticə göstərən gəncləri təbrik edib, onların qazandığı uğurların rayonun təhsil sahəsində əldə etdiyi nailiyyətlərin göstəricisi olduğunu bildirib. O, gənclərə qarşıdakı təhsil həyatlarında əzmkarlıq göstərməyi, daim öz üzərlərində çalışmağı və qazandıqları uğurları daha böyük nailiyyətlərlə davam etdirməyi tövsiyə edib.

Görüşdə həmçinin ali məktəbə qəbul imtahanında 675 bal toplayan Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu, Bakı Ali Neft Məktəbinin tələbəsi Hüseyn Əfqan oğlu İbrahimli və təhsildəki yüksək nailiyyətlərinə görə gümüş nişanla təltif olunan, qəbul imtahanında 626,9 bal toplayan 26 nömrəli tam orta məktəbin məzunu, Bakı Dövlət Universitetinin tələbəsi Ayan Vüqar qızı Əliyeva çıxış ediblər. Gənclər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Xəzər gəncləri adından təşəkkürlərini bildiriblər.

Sonda Xəzər rayon təhsil işçiləri adından 183 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Rəhilə Abbasova çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsil həyatlarında uğurlar və yeni nailiyyətlər arzulayıb.

Tədbirdə 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayan gənclər Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən diplomlarla təltif olunublar. Sonda xatirə şəkli çəkilib.

Keçidlər