Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda dəyirmi masa keçirilib

22 aprel 2024 | 17:23

   Xəzər Rayon İcra Hakimiyyəti və “Dendrologiya bağı”nın birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda dəyirmi masa təşkil edilib.
   22 aprel 2024-cü il tarixində Mərdəkan qəsəbəsində yerləşən “Abşeron” sanatoriyasının konfrans zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Mərkəzi Nəbatət bağı-Qida və dərman bitkiləri laboratoriyasının müdiri dosent Həsən Babayev, “Dendrologiya bağı” İdarə Heyətinin sədr müavini Samirə Bağırova və digər müəssisə rəhbərləri iştirak etmişdir.
   Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının    Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda     2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəmiyyətin qarşısında mühüm vəzifələr qoyur. Ölkə başçısının tapşırığına uyğun olaraq ölkə üzrə, paytaxt Bakı şəhərində, o cümlədən Xəzər rayonunda geniş miqyasda yaşıllaşdırma aksiyalarının aparıldığını, ətraf mühitin qorunması, Xəzər sahilinin məişət tullantılarından təmizlənməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib. Natiq Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini qeyd edərək, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparıldığını və Azərbaycanın baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürdüyünü vurğulayıb.
    Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və “Dendrologiya bağı” İdarə Heyətinin sədr müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxışlarında bildiriblər ki, cəmiyyət ekoloji problemlərin nəticələrinin aradan qaldırılması işinə səfərbər olmalıdır. Eyni zamanda qeyd edildi ki, Beynəlxalq Səhiyyə    Təşkilatının hesabatına görə, son illər atmosfer kirliliyi səbəbindən ağciyər xəstəliklərinin sayı artıb. “Qlobal ekoloji böhranın, hava kirliliyinin əsas səbəbi atmosferə atılan istixana qazlarının həcminin artmasıdır. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Həmçinin son illər paytaxt Bakıda, Xəzər rayonunda yaşıllıqların salınması istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulanıb. Qlobal iqlim dəyişikliyi hər bir fərdə belə təsir edəcək: “İnsanlar sosial təbəqələrə ayrıla, fərqli evlərdə yaşaya bilər, ancaq udduğumuz hava, içdiyimiz su eynidir, ona görə də havanın təmizliyi hər kəsi düşündürməlidir” deyə qeyd olunub.
   Mərkəzi Nəbatat bağının Qida və dərman bitkiləri laboratoriyasının dosenti Həsən Babayev son illər ölkədə ekosistemin bərpası, yaşıl enerjiyə keçid istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu bildirib. “COP-29 konfransları əslində beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı həyəcan siqnalıdır. Azərbaycan qlobal ekoloji böhranın aradan qaldırılması üzrə beynəlxalq səylərə dəstək verir. Bu il ölkəmizdə COP-29 tədbiri keçiriləcək. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında sərəncam əslində cəmiyyətə səfərbərlik çağırışıdır. Son 30 ildə Azərbaycanda ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi müşahidə olunub. Ermənilər işğal altında saxladıqları Şərqi Zəngəzur və Qarabağda ekoloji terror həyata keçiriblər. İri şəhərlərimizdə isə plansız urbanizasiya və əmək miqrasiyası nəticəsində çoxillik ağac və meşə massivlərinin məhv edildiyini qeyd edib.
    Tədbirin sonunda “Dendrologiya bağı”nın əməkdaşı Leyla Atayevanın təqdimatında bağ ərazisində qorunan bitkilər, ağaclar barədə geniş məlumat verib.

 

Keçidlər