Xəzər rayonunda Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın ailə üzvləri ilə görüş keçirilib
Xəzər rayonunda Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın ailə üzvləri ilə görüş keçirilib.
24 fevral 2023-cü il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavini Lalə Əhmədova, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xəzər rayon sektorunun müdiri Şəhla Xələfova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səxavət Məcnunov, Xəzər rayon Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Səfa Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü şəhid atası Etiqad Nəhmətov, rayon ictimaiyyətinin nümayəndələri və Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın ailə üzvləri iştirak ediblər.
İştirakçılar Xocalı faciəsində həlak olmuş soydaşlarımızın, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Xocalı faciəsinin dəhşətləri və ermənilərin insanlığa sığmayan cinayət əməlləri barədə danışıb. 44 günlük Vətən Müharibəsində qazanılan zəfərə toxunan E.Salahov bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəsələr də, ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdiyini, qəhrəmanlıq və dəyanət göstərdiyini vurğulayıb.
Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülmüş işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Xocalı faciəsində həlak olmuş soydaşımız Şəmsi Quliyevin həyat yoldaşı Tacimə Quliyeva çıxış edərək öz gözləri ilə Xocalıda gördüyü dəhşətli anlardan danışıb, faciə nəticəsində qəhrəman oğul və qızlarımızın həlak olmasının heç bir zaman unudulmayacağını bildirərək, Xocalı sakinlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Sonda Xocalı faciəsində həlak olmuş soydaşlarımızın ailələrinə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımları göstərilib.