Xəzər rayonunda ümumrayon Novruz şənliyi keçirilib
Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib.
Tədbirin açılışında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Rauf Əliyev çıxış ediblər. Tədbirdə həmçinin, Xəzər rayonu rəsmiləri və aralarında məktəblilərin, şəhid ailələrinin, qazilərin də daxil olduğu rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları xalqımızın mədəni irsini özündə əks etdirən Novruzun çoxəsrlik ənənələri, mətbəxi və məişətinin nümayiş olunduğu pavilyonlarla tanış olduqdan sonra, Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələrini, eləcə də idman məktəblərinin çıxışlarını izləyiblər. Şənlik iştirakçılarına açıq səma altında yerləşən "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, duluzçuluq kimi qədim sənət nümunələri də təqdim olunub.
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təqdimatında göstərilən milli güləş, zorxana, mas-reslinq, ənənəvi oxatma və alpaqut kimi etno idman növləri iştirakçıların böyük marağına səbəb olub.
Bundan başqa, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsili Mərkəzinin tələbələri qonaqlar üçün müxtəlif sənətkarlıq nümunələrini sərgiləyiblər.
Novruz təntənəsi mədəniyyət və incəsənət ustalarının iştirakı ilə baş tutan bayram konsert proqramı ilə davam edib.