Xəzər rayonunda “Tibb müəssələrindən kənarda baş verən doğuş faktlarına nəzərətin gücləndirilməsi” mövzusunda tədbir keçirilmişdir
22 noyabr 2023-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Tibb müəssələrindən kənarda baş verən doğuş faktlarına nəzərətin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Mərkəzin inzibati binasında təşkil olunan görüşdə Xəzər RİH Başçısının müavini Lalə Əhmədova, ŞUADM-nin direktoru Sitarə Əhmədova, rayonun təhsil və səhiyyə müəssisələrindən psixoloq və ginekoloqlar, Mərkəzin psixoloq və sosial işçiləri iştirak etdilər.
RİH Başçısının müavini L.Əhmədova tədbiri açaraq, səhiyyə müəssələrindən kənarda baş verən doğuş hallarının kökündə duran amillərdən, erkən nikaha marağın, onun yaratdığı fəsadlardan və bu problemin həlli yollarından bəhs etdi. Diskusiya formatında təşkil olunan görüş ekspertlərin müzakirələri ilə davam etdirildi. Qonaqlar erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, onların fiziki və psxoloji sağlamlığına mənfi təsir göstərdiyini vurğuladılar. Valideynlərin atdığı bu addım gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atır. Erkən nikahla “qurulan ailələrdə” məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur ki, bu da sonda boşanmalara və digər fəsadlara gətirib çıxarır deyə qeyd etmişlər. Bu isə birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümünəsidir. Tədbirin sonunda iştirakçılara bukletlər paylanılmış, xatirə şəkli çəkilmişdir.