Xəzər rayonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Xəzər rayonunda “26 iyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələrinin üzvləri, qazilər və peşəkar hərbi mütəxəsislər və rayon üzrə həqiqi hərbi xidmət keçmək üçün çağırış yaşına çatmış gənclər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbir Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestrinin ifasında Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tədbir iştirakçılarını salamlayaraq, Ümummilli liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri, bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız 105 yaşlı Azərbaycan Ordusu olduğunu vurğulayıb. Hakimiyyətdə olduğu illərdə Ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladığından söz açan E.Salahov hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldığını qeyd edib.
Çıxışında 44 günlük Vətən Müharibəsinə toxunan E.Salahov bildirib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir. E.Salahov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edərək, Xəzər Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhid ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılaraq, onların problemləri ilə daim yaxindan maraqlanıldığını bildirib.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək qalib Azərbaycan ordusunun keçdiyi tarixi yolundan danışaraq, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıb.
Daha sonra çıxış edən Xəzər rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Şəhid Bəhrəm və İman qardaşlarının atası Elman Məmmədzadə və Xəzər rayonunun gənc siyasi fəalı Rəşad Əliyev çıxış edərək “26 iyun – Silahlı Qüvvələr Günü”nün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayıblar və xalqımıza qələbə sevincini yaşadan rəşadətli və müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin xidmətlərini qiymətləndirərək orden və medallarla təltif edən Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirib.
Sonra Respublikanın Əməkdar artisti Ağalar Bayramov, əməkdar incəsənət xadimi Abdulla Qurbani və 156 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik və hərbi ruhda şeirlər və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Mətləb Ağayev və Leyla Əliyevanın ifasında mahnı və marşlar səsləndirilib.