Xəzər rayonunda şəhid Tural Abdullayevin doğum günü keçirildi
25 fevral 2026-cı il tarixində Binə qəsəbə Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Abdullayev Tural Şakir oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi yad edilmişdir. Daha sonra T.Abdullayevin həyat yolundan bəhs edən qısametrajlı film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən RİH başçısı Elşən Salahov şəhidin valideynlərinə ə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, şəhidlərimiz bizim and yerimiz, qürur mənbəyimizdir. Şəhidlərimizə Allahdan rəhmət diləyən rayon rəhbəri Vətən müharibəsi zamanı göstərdikləri şücaətlərdən söhbət açmış, onların əziz xatirəsinin millətimizin qəlbində əbədi olaraq qalacağını bildirmişdir.
Şəhidin atası Şakir Abdullayev Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, Turalın doğum günü 26 fevral – Xocalı soyqırımına təsadüf etdiyi üçün heç vaxt doğum gününü qeyd etməyib. Elə uşaq yaşlarından Xocalının qisasını almaq arzusuyla yaşayıb. Bu məqsədlə də hərbi təhsil alıb və Vətəninin müdafiəsində dayanıb. Şəhid atası oğlunun Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etdiyini çıxışında vurğulamışdır. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən mənfur düşmənin atdığı minaatan mərmisi nəticəsində igid əsgərimiz sentyabrın 30-u əbədiyyətə qovuşmuşdur.
Mərasimdə çıxış edən hərbi pilot Bayram Muxtarov T.Abdullayevin şərəfli, hər bir gənc üçün örnək olan döyüş yolundan, Daxili Qoşunlardakı nümunəvi hərbi xidmətindən, eləcə də Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini, ölkə başçısının müvafiq sərəncamları ilə (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirin sonunda 136№li tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirilmişdir.






