Xəzər rayonunda qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün qəsəbələri əhatə olunmaqla qanunsuz küçə ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində birgə profilaktik tədbirlər keçirilib.
Keçirilən reydlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Eyni zamanda, qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə qurumların əməkdaşları tərəfindən izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib və onlara belə halların təkrarlanacağı təqdirdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunacağı bildirilib.
Bundan əlavə, piyadaların və nəqliyyatın hərəkətinə mane olan və ümumi görünüşə xələl gətirən standartdankənar reklam lövhələri səkilərdən, yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılıblar.
Qeyd edək ki, bu kimi reydlər rayon ərazisində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.