Xəzər rayonunda qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reydlər keçirilib
Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər Rayon Polis İdarəsinin, Xəzər rayon Gigiyena və Epidemiologiya mərkəzinin, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Mərdəkan bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə rayonun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində qanunsuz küçə ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində birgə profilaktik tədbirlər keçirilib.
Keçirilən reydlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Eyni zamanda, qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə qurumların əməkdaşları tərəfindən izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib və onlara belə halların təkrarlanacağı təqdirdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunacağı bildirilib.
Qeyd edək ki, bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.