Xəzər rayonunda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Xəzər rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon Prokuroru Fəxri Ələsgərov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və Xəzər Rayon Prokurorluğunun əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 105 illiyi münasibətilə əməkdaşdaşları təbrik edən RİH başçısı Elşən Salahov dövlətimizin tərəqqisi naminə onların gələcək fəaliyyətində nailiyyətlər arzu etmişdir. O, bildirmişdir ki, Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir. RiH başçısı öz çıxışında Azərbaycan Respublikasının Baş Prokuroru hörmətli Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərinin peşə bayramını təbrik edib, onlara çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Xəzər Rayon Prokuroru Fəxri Ələsgərov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırmışdır.
Tədbir zamanı çıxış edən prokurorluq əməkdaşları Zülfüqarlı İlham və Qəribov Toğrul bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaqlarını bildirmişlər.
Görüşün sonunda Xəzər Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Xəzər Rayon Prokuroru Fəxri Ələsgərov “Təşəkkürnamə” ilə və Xəzər Rayon Prokurorluğunun bir qrup əməkdaşları isə “Fəxri Fərman”larla təltif olunub.