Xəzər rayonunda növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq tapşırıqlarına uyğun olaraq, aprel ayının 18-i səhər saatlarından etibarən Xəzər rayonunun ərazisində növbəti genişmiqyaslı iməclik təşkil olunub.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Yaşıllaşdırma Sahəsi, həmçinin təhsil və səhiyyə müəssisələrinin, müxtəlif idarə və təşkilatların kollektivləri cəlb edilib. Eyni zamanda, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin yaxından iştirakı ilə rayonun bütün qəsəbələrini əhatə edən hərtərəfli təmizlik işləri icra olunub.
İcra olunan abadlıq tədbirləri çərçivəsində mərkəzi prospekt və küçələr, piyada səkiləri, yol kənarı bordürlər, işıq dirəkləri və qoruyucu məhəccərlərlə yanaşı, park və xiyabanlardakı oturacaqlar yuyularaq sanitariya normalarına uyğunlaşdırılıb.
Eyni zamanda, park və istirahət zonalarındakı mövcud yaşıllıqlara zəruri aqrotexniki qulluq göstərilib, ərazilərin estetik görünüşünün daha da gözəlləşdirilməsi məqsədilə yeni gül kolları və dekorativ bəzək bitkiləri əkilmişdir.






