Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 5 oktyabr – Beynəlxaq Müəllimlər Günü qeyd edilib

04 oktyabr 2024 | 18:25

      Xəzər rayonunda “5 oktyabr – Beynəlxaq Müəllimlər Günü” münasibəti ilə Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Xəzər rayonunun təhsil işçilərinin nümayəndələri iştirak ediblər.
        Tədbir Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
        Çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edib, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb. Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablandığını və təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndərin bu sahəyə çox böyük diqqət və qayğı göstərdiyini qeyd edib. Elşən Salahov bildirib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Tədris prosesidə ən qabaqcıl texnologiyaların imkanlarından istifadə edilir. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Xəzər rayonunda tələbə adını qazanan abituriyentlərdən 68-i 600-dən yuxarı bal toplayaraq ali təhsil ocaqlarına daxil olublar. Həmçinin E.Salahov onların arasında təhsilini Qarabağ Universitetində davam etdirəcək bir tələbəmizin olmasının sevindirici hal olduğunu vurğulayıb.
       Təhsilin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov müəllim kollektivinə yeni-yeni müvəffəqiyyətlər diləyib, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
         Tədbir iştirakçılarından çıxış edən 120 №li tam orta məktəbin direktoru Nazilə Məmmədova, 123 №-li tam orta məktəbin direktoru Sevinc Mustafayeva, 234 №-li tam orta məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova rayon müəllimləri adından təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
      Tədbirin sonunda təhsilin inkişafindakı xidmətlərinə və rayonun ictimai həyatında fəal iştirakına görə fərqlənən bir qrup təhsil işçisinə Xəzər RİH başçısının və YAP Xəzər rayon təşkilatının Fəxri Fərman və hədiyyələri təqdim olunub.

Keçidlər