Xəzər rayonunda küçə işıqlandırma sistemlərinin yenilənməsi işləri davam etdirilir
Rayon sakinlərinin rahatlığının təmin edilməsi, küçə və yolların işıqlandırılmasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə Xəzər rayonunda küçə işıqlandırma sistemlərinin yenilənməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
Görülən işlər çərçivəsində rayonun mərkəzi küçələri və qəsəbədaxili yollarda istismar müddətini başa vurmuş işıqlandırma avadanlıqları müasir LED işıqlandırma qurğuları ilə əvəz olunur.
Belə ki, Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsində, həmçinin Zirə qəsəbəsinin Seyid Əzim Şirvani və 57-ci Zirə küçələrində işlər artıq başa çatdırılmışdır. Hazırda Şüvəlan qəsəbəsinin Almas İldırım və Lev Starçuk küçələrində işlər davam etdirilir.
Küçə işıqlandırma sistemlərinin yenilənməsi üzrə işlərin rayonun digər küçə və prospektlərində də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.






