Xəzər rayonunda “İnsan Hüquqları Günü” ilə bağlı tədbir keçirilib
18 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Günü”nə həsr olunmuş “Uşaq hüquqları – Sağlam şəhərin təməli” adlı tədbir keçirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Lalə Əhmədova, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Sitarə Əhmədova, Komissiya üzvləri, Mərkəzin əməkdaşları, həmçinin təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirin əsas məqsədi uşaq hüquqlarının təbliği, uşaqların təhlükəsiz və sağlam mühitdə böyümələrinin əhəmiyyəti barədə ictimai maarifləndirmənin artırılması, eləcə də dövlət qurumları və aidiyyəti təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi olmuşdur.
İlk olaraq çıxış edən L. Əhmədova uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamış, uşaqların hüquq və mənafelərinin qorunmasının hər bir cəmiyyət üzvünün vəzifəsi olduğunu qeyd etmişdir. Ardınca S. Əhmədova Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və uşaqların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Komissiya üzvləri mövzu ilə bağlı çıxış edərək uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsizliyinin təmin olunması, təhsil, sağlamlıq və inkişaf hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmış, iştirakçıların suallarını cavablandırmışlar.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanmışdır. Qeyd olunmuşdur ki, uşaqların hüquqlarının təmin edilməsi, onların sağlam, təhlükəsiz və əlverişli şəhər mühitində inkişafı cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biridir.






