Xəzər rayonunda İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdirilmişdir
8 iyul 2026-cı il tarixində Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Günay Əfəndiyevanın təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyəti və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, klassik ədəbi irsin yaşadılması və mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti çərçivəsində bu kimi tədbirlərin təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlər gənc nəslin milli-mədəni irsə bağlılıq ruhunda formalaşmasına, klassik ədəbiyyatımızın geniş təbliğinə və cəmiyyətin mədəni həyatının daha da zənginləşdirilməsinə xidmət edir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Günay Əfəndiyeva İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında və dramaturgiyasında xüsusi yer tutduğunu qeyd etmiş, onun zəngin yaradıcılığının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır. Deputat belə mədəni layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Xəzər Rayon İcra Hakimiyyətinə və Bakı Bələdiyyə Teatrının kollektivinə minnətdarlığını bildirmiş, bu cür təşəbbüslərin milli-mənəvi dəyərlərin təbliğinə və cəmiyyətin mədəni inkişafına mühüm töhfə verdiyini qeyd etmişdir.
Tədbirdə çıxış edən tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Mərahim Fərzəlibəyov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin zəngin ədəbi irsindən, milli dramaturgiyanın inkişafındakı müstəsna xidmətlərindən və Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələrdən bəhs etmişdir.
Çıxışlardan sonra Bakı Bələdiyyə Teatrının kollektivi tərəfindən İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdirilmişdir. Tamaşa peşəkar aktyor oyunu, uğurlu rejissor həlli və yüksək səhnə tərtibatı ilə seçilərək tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda iştirakçılar yüksək təşkilatçılığa görə təşəkkürlərini ifadə etmiş, Xəzər rayonunda milli-mədəni irsin təbliği və klassik Azərbaycan ədəbiyyatının geniş auditoriyaya çatdırılması istiqamətində belə layihələrin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.






