Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-praktiki konfrans keçirilib

14 aprel 2026 | 18:05

       14 aprel 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən 88 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elmin İmanov, Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri Gülbala Qurbanov, məktəb direktorları, referat müsabiqəsinin rayon mərhələsinin qalibləri və onların elmi rəhbərləri iştirak ediblər.
     İştirakçılar əvvəlcə məktəbin foyesində təşkil olunmuş sərgi ilə tanış olublar. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
      Sektor müdiri G.Qurbanov çıxış edərək bir neçə ildir reallaşan bu layihənin şagirdlər tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb və müsabiqənin gedişatı barədə məlumat verib. Qeyd olunub ki, məxfilik və şəffaflıq prinsipləri əsasında yoxlanılan 75 referat arasından ən yaxşı 9 iş seçilərək növbəti mərhələyə təqdim edilib.
     Daha sonra şagirdlər 5 mövzu üzrə hazırladıqları referat işlərini və hər mövzuya uyğun videoçarxları konfrans iştirakçılarına nümayiş etdirib və sonda onlara yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
       Konfransda çıxış edən təhsil işçiləri tədbirin əhəmiyyətindən bəhs edərək, onun böyüməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə, eləcə də şagirdlərdə sərbəst işləmə, tarixi faktlara söykənərək şəxsi düşüncələri əsasında araşdırma aparma bacarıqlarının formalaşmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.
      Yekun nitqi ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elmin İmanov konfransın məqsədindən, savadlı, istedadlı və vətənpərvər şagirdlərin üzə çıxarılmasında belə tədbirlərin xüsusi rolundan danışıb. O, gənclərin öz tarixi keçmişini dərindən bilməsinin vacibliyini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin və onun layiqı davamçısı – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə göstərdiyi qayğının hər bir gənc üçün örnək olduğunu vurğulayıb.
       Sonda müsabiqə iştirakçılarına Xəzər Rayon İcra Hakimiyyəti başçısının təşəkkürnamələri təqdim olunub və xatirə şəkli çəkdirilib.

Keçidlər