Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirildi

10 may 2024 | 09:53

  Xəzər Rayon İcra Hakimiyyəti və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirildi.
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov, rayonun təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edirdilər.
   Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən söz açaraq bu kimi layihələrin Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin və miras qoyduğu zəngin irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını vurğuladı.
  “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov layihənin məqsədi barədə ətraflı məlumat verərək “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisinin paytaxtın bir sıra rayonlarında, regionlarda və ali təhsil müəssisələrində həyata keçirildiyini bildirdi.
   Qonaqlara dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalar nümayiş etdirildi.
   Qeyd edək ki, xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılandı.

Keçidlər