Xəzər rayonunda “Heydər Əliyev ili” çərçivəsində “12 Noyabr-Azərbaycan Respublikasının Konstitutsiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev İrsi” mövzusunda dəyirmi masa keçirilib
Xəzər rayonunda Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilib.
07 noyabr 2023-cü il tarixdə YAP Xəzər rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, səhiyyə, mədəniyyət və təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Yap Xəzər rayon təşkilatının inzibati binasının foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının I müavini Elşən Qurbanov müstəqil Azərbaycanın ilk Konstitusiyasının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilməsindən və 27 noyabr 1995-ci ildə hüquqi qüvvəyə minməsindən, Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratmasından bəhs etmişdir.
Tədbirdə YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, Polis Akademiyasının rəisi Canpolad Daanov, Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova və 156 №-li tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən geniş bəhs edən məruzə ilə çıxış edərək, qeyd etmişlər ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Biz həqiqətən xoşbəxt nəslin nümayəndələriyik ki, Vətənimiz Azərbaycan hazırda Zəfər yolunda möhtərəm Prezidentimizin praqmatik siyasəti ilə xoşbəxt və firavan gələcəyə doğru inamla addımlayır.