Xəzər rayonunda “Gender Əsaslı Zorakılıq ilə mübarizədə qurumların əlaqəli işinin təşkili” mövzusunda tədbir keçirildi
02 dekabr 2022-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı Xəzər Rayon Gənclər Evində Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniya çərçivəsində “Gender Əsaslı Zorakılıq ilə mübarizədə qurumların əlaqəli işinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, ŞÜADM-nin müdiri Sitarə Əhmədova, Gİİ-nin rəisi Vüqar Əliyev, Xəzər rayonunda qadınların sosial inkişafına dəstək İB-in rəhbəri Lalə Cəfərova, Xəzər rayon İcra və probasiya şöbəsi, qəsəbə nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları, təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələrinin bir neçəsinin rəhbərləri iştirak etmişdirlər.
Dəyirmi masa formatında keçirilən tədbiri L.Əhmədova açaraq, Gender zorakılığına RİH-in yanaşması, görülən tədbirlər, əldə olunan nəticələr barədə iştirakçılara məlumat vermişdir. Tədbirdə çıxış edən digər rəsmilər gender zorakılığına məruz qalmış şəxsərə göstərilən xidmətlərdən, mövzu ilə əlaqədar gənclər arasında aparılan maarifləndirici tədbirlərdən danışmışdırlar.
Görüş iştirakçıları gələcəkdə baş verə biləcək hər hansı zorakılıq hallarının qarşısının alınması istiqamətində müzakirələr aparmış, görüləcək tədbirlərllə bağlı qurumların daha sıx əməkdaşlıq göstərməsi üçün təkliflərini vermişlər.
Sonda “Zorakılığa səssiz qalma, susma, gizlətmə!” adlı videorolik nümayiş etdirilmiş, tədbir iştirakçılarına buklet və broşuralar paylanılmışdır.