Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Gender bərabərliyində qadınlar” mövzusunda tədbir keçirilib

18 aprel 2026 | 12:00

     7 aprel 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
     Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əhmədova, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova, Xəzər Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis mayoru Xəyalə Həsənova, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyov, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
   Tədbirin əsas məqsədi qadınların sosial, iqtisadi və ictimai həyatda iştirakının təşviqi, onların hüquq və imkanlarının genişləndirilməsi, habelə gender bərabərliyi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyıb.
        Tədbirdə çıxış edən Lalə Əhmədova gender bərabərliyinin cəmiyyətin davamlı inkişafında oynadığı mühüm roldan bəhs edərək, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, qadınların müxtəlif sahələrdə qazandığı uğurların ümumi tərəqqiyə töhfə verdiyini xüsusi vurğulayıb.
       Çıxış edən digər natiqlər də qadınların ictimai fəallığının artırılmasının vacibliyini qeyd edərək, onların qarşılaşdıqları çətinliklər və perspektiv nailiyyətlər ətrafında fikirlərini bölüşüblər.
     Tədbirin sonunda “BakuBus” MMC-nin ilk qadın sürücüsü Rəna Cəfərova çıxış edərək şəxsi təcrübəsini bölüşüb. Uşaqlıq arzusunu reallaşdırdığını deyən R.Cəfərova, qadınların qeyri-ənənəvi peşə sahələrində də uğurla təmsil olunmasının mümkünlüyünü öz nümunəsində diqqətə çatdırıb.
        Yekunda qeyd olunub ki, belə tədbirlər cəmiyyətdə gender bərabərliyinin təşviqi və qadınların özünəinam hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçidlər