Xəzər rayonunda “Bilik günü” qeyd olunub
Yeni 2025-2026-cı tədris ilinin başlanması münasibətilə 15 sentyabr 2025-ci il tarixində Xəzər rayonunun təhsil müəssisələrində silsilə “Bilik Günü” tədbirləri keçirildi. Ənənəvi “Bilik günü” tədbirlərində RİH başçısının müavinləri və məsul nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak etmişdirlər.
“Bilik Günü” tədbirləri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən qonaqlar ilk növbədə yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar. Təhsilin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran natiqlər ötən tədris ilinin Xəzər rayonu üçün uğurlu olduğunu, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıblar.
Belə ki, 2024-2025-ci tədris ilində orta məktəb və gimnaziyalar üzrə IX sinfi bitirmiş 5192 şagirdin 210 nəfəri, XI sinfi bitirmiş 3048 məzunun isə 117 nəfərinin qırmızı attestat aldığı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Təhsildə yüksək nailiyyətlərinə görə iki məzun Qızıl nişana laiq görülmüşdür. XI sinfi bitirən 3048 nəfər məzunun 2439 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş, 1652 nəfəri həm yerli, həm də xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, onlardan 68 nəfər abituriyent 600-dən yuxarı bal toplamışdır. Ötən tədris ilində sənəd verənlərin sayına görə ali məktəblərə qəbulda 67 faiz nəticə əldə edilmişdir.
Təhsil sahəsində əldə olunan uğurların Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsilin inkişafına ayırdığı diqqət və xüsusi qayğısının bariz nümunəsi olduğunu çıxışında vurğulayan RİH rəsmiləri, yeni tədris ilində müəllim və şagirdlərə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulamışdır. Tədbirin sonunda qonaqlara məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər təqdim olunmuşdur. Bir-birindən maraqlı, rəngarəng kompozisiyalar ilə çıxış edən birincilər yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başladılar.
Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bütün təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuşdur. Yeni tədris ilinin başlanması münasibətilə bir daha bütün təhsil işçilərini, müəllim və şagird kontingentini təbrik edir, onlara uğurlar arzulayırıq.






