Xəzər rayonunda “Bilik Günü ” qeyd olundu
Yeni 2024-2025-ci tədris ilinin başlanması münasibətilə 16 sentyabr 2024-cü il tarixində Xəzər rayonunun təhsil müəssisələrində silsilə “Bilik Günü” tədbirləri keçirildi. Keçirilən tədbirlərdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri və məsul nümayəndələri iştirak etmişdir.
Şüvəlan qəsəbəsində yerləşən 156 №li tam orta məktəbdə keçirilən bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifzadə, məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak etmişdirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ilk növbədə yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Təhsilin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran cənab başçı ötən tədris ilinin Xəzər rayonu üçün uğurlu olduğunu, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıb. E.Salahov 2023-2024-cü tədris ilində orta məktəb və gimnaziyalar üzrə IX sinfi bitirmiş 4892 şagirdin 101 nəfəri, XI sinfi bitirmiş 2451 məzunun isə 124 nəfərinin qırmızı attestat aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Təhsildə yüksək nailiyyətlərinə görə üç məzun Qızıl nişana laiq görülmüşdür. XI sinfi bitirən 2451 nəfər məzunun 1954 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş, 1288 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuş, onlardan 68 nəfər abituriyent 600-dən yuxarı bal toplamışdır. 149 nömrəli tam orta məktəbin 2 sinfi, 218 nömrəli tam orta məktəbin 1 sinfinin bütün məzunları 100 faiz nəticə ilə müxtəlif ali məktəblərə qəbul olmuşdurlar. Ötən tədris ilində sənəd verənlərin sayına görə ali məktəblərə qəbulda 66 faiz nəticə əldə edilmişdir. Bu isə keçən il ilə müqayisədə 4 faiz çoxdur. Ali məktəbə qəbul üzrə ən çox – 675 bal toplayan 124 №li tam orta məktəbin məzunu Hüseynli Zeyqəm Elsevər oğlu olmuşdur. Həmçinin keçən tədris ilində müxtəlif siniflərdən olan 54 nəfər şagird Beynəlxalq və Respublika əhəmiyyətli olimpiadalarda iştirak etmiş, ilk üç yeri qazanaraq medal və diplomlarla təltif edilmişlər. Təhsil sahəsində əldə olunan uğurların Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsilin inkişafına ayırdığı diqqət və xüsusi qayğısının bariz nümunəsi olduğunu çıxışında vurğulayan rayon rəhbəri, yeni tədris ilində müəllim və şagirdlərə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulamışdır. Tədbirin sonunda qonaqlara məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər təqdim olunmuşdur.
Rayonun digər məktəblərində də keçirilmiş ənənəvi «Bilik günü» tədbirlərində RİH başçısının müavinləri və məsul nümayəndələri iştirak etmişdirlər. Binə qəsəbəsində yerləşən 121 №li tam orta məktəbin bayram tədbirində RİH başçısının I müavini Elşən Qurbanov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Xanlarov, Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri Kamran Əliyev, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, Şəhid Qurbanəli Quluzadənin valideynləri Elşad Quluzadə və Elmira Quluzadə iştirak etmişdirlər. Bir-birindən maraqlı, rəngarəng kompozisiyalar ilə çıxış edən birincilər yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başladılar.
Yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini, müəllim və şagird kontingentini təbrik edir, onlara uğurlar arzulayırıq.