Xəzər rayonunda Azərbaycan-Koreya dostluq əlaqələrinə həsr olunan tədbir
Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı orta məktəbdə Azərbaycan-Koreya dostluq əlaqələrinə həsr olunmuş tədbir keçirilib.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Daha sonra Azərbaycan-Koreya əlaqələrini, mədəni irsini, qarşılıqlı əməkdaşlığını əks etdirən videoçarx nümayiş olunub.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək Azərbaycan-Koreya münasibətlərində təhsil və humanitar iş birliyinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, təhsil sahəsində əlaqələrin genişləndirilməsinin, bilik və təcrübə mübadiləsinin, gənclərin müasir texnologiyalara çıxış imkanlarının artırılmasının xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Prezident İlham Əliyevin yürütdüyü genişmiqyaslı xarici siyasətin dostluğa, sülhə və əməkdaşlığa yönəldiyini vurğulayıb. O, Azərbaycan ilə Koreya arasında qarşılıqlı münasibətlərdən bəhs edərək, mədəni, ədəbi, akademik mübadilələrə diqqəti çəkib.
Koreyanın ölkəmizdəki səfiri Kımqu Kanq çıxışında iki ölkənin tərəfdaşlıq istiqamətlərindən söz açıb. Səfir Azərbaycan və Koreya arasında iqtisadi, kənd təsərrüfatı, səhiyyə, informasiya texnologiyaları ilə yanaşı, təhsil və mədəni sahələr üzrə iş birliyinin inkişafını vurğulayıb.
Koreya-Azərbaycan Assosiasiyasının sədri Li Min Yonq rəhbərlik etdiyi təşkilatın təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan və Koreya mədəniyyətlərinin qarşılıqlı tanıdılması iki ölkənin mənəvi tərəfdaşlığını gücləndirir.
Məktəbin direktoru Kəmalə Babayeva bu cür tədbirlərin şagirdlərə beynəlxalq dostluq dəyərlərinin öyrədilməsi baxımından vacibliyini vurğulayıb.
Sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycan və Koreya xalqlarının milli rəqsləri, musiqisi, eləcə də taekvondo idman nümunələri nümayiş olunub.
Tədbir çərçivəsində Koreyanın müxtəlif şirkətlərini təmsil edən nümayəndə heyətinin üzvləri tərəfindən Xəzər rayonunun Türkan qəsəbəsinin orta ümumtəhsil məktəblərinin yüksək nəticə göstərən şagirdlərinə kompüterlər və təqaüd mükafatları təqdim olunub.






