Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri uğurla davam edir

01 iyun 2022 | 17:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonunda da abadlıq və quruculuq işləri uğurla davam edir.

  

   Rayonda tikinti-quruculuq və abadlıq işləri çərçivəsində irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin, rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən yeni parklar, yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır. Həyata keçirilən işlər, tikilən və əsaslı şəkildə yenidən qurulan obyektlər rayona xüsusi yaraşıq verir, sakinlər tərəfindən sevinclə qarşılanır.

  

   Belə ki, Bakı şəhərində və onun qəsəbələrində rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnvestisiya Proqramı” çərçivəsində hazırda Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri icra olunur.
   Aparılan yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

  

   Artıq yolun 1200 metrlik hissəsində sadalanan işlər yekunlaşmaq üzrədir. Digər hissələrdə isə layihə ardıcıllığına uyğun şəkildə yenidənqurma işləri davam edir. Bundan başqa, yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub.

  

   Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə bir müddətdir Agentlik tərəfindən müvafiq işlərə start verilib. 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.

  

   Eyni zamanda, Bakı şəhərinin qəsəbələrinin yenidən qurulması işləri çərçivəsində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən rayonunun Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan Sergey Yesenin və Z.Tağıyev küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Sözügedən küçələrdə yol boyu vətəndaşlara məxsus fərdi evlərin divarları, hasarları, darvazaları, ticarət və xidmət obyektlərinin fasadlarının təmiri işlər aparılır.

  

   Bundan əlavə, əhalinin velosiped sürməyə artan marağının, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində rayonun Buzovna-Mərdəkan avtomobil yolunda da yeni velosiped yolları və piyada səkiləri salınır. Hazırda bu istiqamətdə işlər sürətlə davam etməkdədir.

  

   Rayon ərazisində həmçinin, ətraf-mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların  vurulması və ətraf ərazilərin təmizlənməsi işləri mütəmadi olaraq aparılır.

Keçidlər