Xəzər rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə “Qadın və şəhər – gələcəyin zərif memarları” adlı bayram tədbiri keçirilmişdir
“Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən tədbir Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Rauf Əliyev, RİH başçısının müavinləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar iştirak ediblər.
İlk olaraq iştirakçılara Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınları haqqında çıxışından qısa fraqment nümayiş olunmuşdur.
Daha sonra RİH başçısı Elşən Salahov bu gözəl gün münasibəti ilə Ölkənin Birinci xanımı Mehriban Əliyeva və şəhid anaları başda olmaqla tədbir iştirakçılarını, həmçinin bütün Azərbaycan qadınlarını təbrik etdi. Ərazi bütövlüyünü bərpa etmiş Ölkəmizdə qadınların rolunun əvəzsiz olduğunu vurğulayan E.Salahov, Vətən Müharibəsi dövründə gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyinin danılmaz olduğunu vurğuladı.
Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP idarə heyətinin üzvü Rauf Əliyev və digər qonaqlar “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün qadınları təbrik edib, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışaraq, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadıqlarını qeyd ediblər. Natiqlər dövlətimiz tərəfindən qadınlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək çıxışlarını yekunlaşdırıblar.
Sonda rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə görə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bir qrup rəhbər qadınlar Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif edilib, onlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub, xatirə şəkli çəkilib.






