Xəzər rayonunda “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” qeyd olunub
02 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Müəllim: Təhsilin memarı, gələcəyin qurucusu” adlı tədbir keçirilib.
Mərdəkan qəsəbəsində yerləşən “Qoşa Qala” restoranında təşkil olunan tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, ETİHİ-nin Xəzər Rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, həmçinin rayonun təhsil işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov təhsil işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyətin tərəqqisində və gənc nəslin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıb. Bildirib ki, müəllim əməyinin əhəmiyyəti yalnız tədris prosesi ilə məhdudlaşmır, eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər ruhda yetişdirilməsində müəllimlərin misilsiz xidmətləri var. O, təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova çıxışında təhsil işçilərinin hüquq və mənafelərinin qorunması, onların sosial rifahının yüksəldilməsi və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, müəllimləri peşə bayramı münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin rəisi, polkovnik Ruslan Həsənov və S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev müəllim əməyinin cəmiyyətin və dövlətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edərək, təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Natiqlər müəllimlərin bilikli, yüksək mənəvi dəyərlərə malik vətəndaşların yetişdirilməsində əvəzsiz rol oynadıqlarını vurğulayıblar.
Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup təhsil işçisinə Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və ETİHİ Xəzər Rayon Komitəsinin fəxri fərman və təşəkkürnamələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Tədbir müğənnilərin iştirakı ilə təqdim olunan geniş konsert proqramı ilə davam edib.






