Xəzər rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
29 mart 2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən naməlum türk şəhid məzarları önündə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.
Soyqırımın 106-cı il dönümünə həsr olunmuş tədbirdə RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə və xidmət müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov 1918-ci ilin mart faciəsinin dəhşətləri və ermənilərin insanlığa sığmayan cinayət əməlləri barədə danışaraq qeyd edib ki, ermənilər öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədib, fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırım siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə dədə-baba yurd-yuvalarından deportasiya olunub, qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub. Xalqımıza qarşı baş vermiş faciələrin, deportasiya və soyqırım hadisələrinin öyrənilməsi, tədqiq olunması, həmin hadisələrə hüquqi-siyasi qiymətin verilməsi Heydər Əliyevin təşəbbüsləri və qətiyyəti sayəsində mümkün olub. Bu sahədə 1918-ci il mart hadisələrinə siyasi qiymətin verilməsi xüsusi önəm daşıyır. Məhz Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırım hadisələrinə hüquqi-siyasi qiymət verilərək 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Eyni zamanda 44 günlük Vətən Müharibəsində qazanılan zəfərə toxunan E.Qurbanov ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində işğalçı və terrorçuların döyüş meydanında layiqincə cəzalandırdığını, yaxın tarixdə törədilən qanlı cinayətlərin qurbanlarının qisasının alınaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu vurğulayıb.
Daha sonra Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Mərdəkan qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Altay Mansurov və şəhid anası Reyhan Yusifova çıxış edərək 1918-ci ilin mart hadisələri barədə danışaraq, bu qanlı hadisələrin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini və dövlətimizin soyqırımla bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar.
Tədbirdə 123 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Sonda tədbir iştirakçıları 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilən azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki naməlum əsgərinin məzarları üzərinə gül dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər.