Xəzər rayonunda “28 May – Müstəqillik Günü” qeyd olunub
26 may 2026-cı il tarixində Mərdəkan Mədəniyyət Sarayında “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Xəzər rayonunun memarlıq inciləri” adlı rəsm və foto sərgi təşkil edilmişdir. “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən sərgi Xəzər Rayon İcra Hakimiyyəti, rayon Gənclər Evi və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Sərginin keçirilməsində əsas məqsəd Xəzər rayonunun zəngin memarlıq irsinin, tarixi abidələrinin və şəhərsalma nümunələrinin tanıdılması, gənclərdə milli-mənəvi dəyərlərə marağın artırılması, memarlıq və şəhərsalma sahəsinə diqqətin yönəldilməsi, eləcə də “28 May – Müstəqillik Günü”nün tarixi əhəmiyyətinin gənc nəslə aşılanması olmuşdur.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tahir Şıxəliyev, memar Ramiz Hüseynov, RİH aparatının əməkdaşları, eləcə də gənc rəssamlar iştirak etmişlər.
Qonaqlar əvvəlcə sərgi ilə tanış olmuş, nümayiş etdirilən əsərlərə baxış keçirmişlər. Sərgidə rayonun peşə məktəbləri, gimnaziyaları, orta ümumtəhsil və internat məktəblərinin, həmçinin 8 saylı Yaradıcılıq Mərkəzinin şagirdləri və mədəniyyət müəssisələrinin gənc rəssamlarının hazırladıqları rəsm və foto işləri təqdim olunmuşdur.
Çıxış edən RİH başçısı Elşən Salahov “28 May – Müstəqillik Günü” münasibətilə iştirakçıları təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, müstəqilliyimizin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın ali vəzifəsidir.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev və digər natiqlər də çıxışlarında “28 May – Müstəqillik Günü”nün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, gənclərin milli ruhda və vətənpərvərlik dəyərləri əsasında yetişdirilməsinin vacibliyini diqqətə çatdırmışlar. Onlar sərginin memarlıq irsinin təbliği, gənclərin yaradıcılıq potensialının nümayişi və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Sonda ən yaxşı rəsm və foto işlərin müəllifləri Xəzər Rayon İcra Hakimiyyəti, rayon Gənclər Evi və Gənclər və İdman sektoru tərəfindən təşəkkürnamələrlə təltif olunmuş, tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.






