Xəzər rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Xəzər rayonu 237 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Xəzər Rayon Gənclər və İdman Sektorunun müdiri Gündüz Vəliyev, Xəzər Gənclər Evinin əməkdaşları, şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətində Birinci Qarabağ müharibəsi şəhidi İlqar Muradovun xatirəsinə ucaldılmış büstü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərimizin şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova bildirib ki, 27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında xüsusi yer tutan əlamətdar günlərdəndir. Qeyd olunub ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
Çıxışlarda şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən, göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən bəhs olunub, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin vacibliyi vurğulanıb.
Digər natiqlər də şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbir məktəblilərin təqdim etdiyi bədii hissə ilə davam edib. Şagirdlər Vətənə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa edib və müxtəlif səhnəciklər təqdim ediblər.
Sonda məktəbin ictimai həyatında fəallığı ilə seçilən şagirdlər təltif olunub. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.






