Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı tədbir keçirilib

27 sentyabr 2026 | 16:50

 

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri, idarə və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, ictimai birliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

27 Sentyabr – Anım Günü münasibətilə keçirilən tədbir tanınmış teleaparıcı Lalə Azərtaş tərəfindən açıq elan olunub və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra respublikamızın ərazi bütövlüyünün qorunması və bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk olaraq Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, təcavüzkar Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə və növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə apardığı Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın milli birliyinin və həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığının, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətinin, qətiyyətli siyasi iradəsinin və uğurlu diplomatiyasının məntiqi nəticəsi olub. Rayon rəhbəri həmçinin qeyd edib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər daim diqqət və qayğı ilə əhatə olunur, onların müraciətləri və qarşılaşdıqları problemlər həssaslıqla araşdırılır, sosial rifahlarının yaxşılaşdırılması və gündəlik qayğılarının həlli istiqamətində zəruri tədbirlər davamlı olaraq həyata keçirilir.

Tədbirdə Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxış edərək Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının keçdiyi şərəfli döyüş yolundan, onların əziz xatirəsinin daim uca tutulmasından, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Natiq çıxışında qalib Azərbaycan Ordusunun şanlı inkişaf və formalaşma yoluna nəzər salaraq, ordu quruculuğu istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini, bu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Ordusunun müasir və qüdrətli orduya çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirləri xüsusi vurğulayıb.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım Məcidova və şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinə, eləcə də müharibə iştirakçıları və qazilərə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordeni laureatı Nurəddin Mehdixanlı Vətən müharibəsi şəhidlərinin əziz və unudulmaz xatirəsini ehtiramla yad edərək, qəhrəman oğullarımızın şərəfli döyüş yolunu, Vətənə sonsuz məhəbbətini və müqəddəs şəhidlik zirvəsini tərənnüm edən təsirli çıxış edib, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib.

Tədbirin sonunda Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.

 

Keçidlər