Xəzər rayonunda 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə iyunun 16-də Xəzər Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, RİH-nin əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan L.Əhmədova tibb işçilərinin peşə bayramı münasibətilə təbrik edərək, səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədinin ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu bildirib. O, ölkəmizdə səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi, həmçinin həkimlərin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımların ölkə başçısının tibb sahəsinə göstərdiyi yüksək qayğının təcəssümü olduğunu qeyd edib.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahovun 14 iyun 2023-cü il tarixli Sərəncamı ilə təltif edilmiş tibb işçilərinə fəxri fərmanlar təqdim edilib.
Tədbirdə çıxış edən həkimlər onlara göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər