Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 dekabr tarixində Ümummilli Lider Heydər Əliyev anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub, ruhuna dualar oxunub.
Zirə qəsəbəsində təşkil olunan ehsan süfrəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Xəzər rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri,
rayonun idarə, təşkilat, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Elşən Salahov bəşər tarixində nadir insanların həyat və fəaliyyəti bütün millətin, xalqın, dövlətin taleyini həll etmiş olduğunu qeyd edərək, Heydər Əliyevin də məhz belə bir şəxsiyyət kimi tarixdə həkk olunduğunu vurğulayıb. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyərək, öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirən Ulu Öndər Heydər Əliyevin ömrü bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsi olduğunu qeyd edib. Ulu Öndərin həyat fəaliyyətindən danışan E.Salahov dahi şəxsiyyətin Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaratdığını, məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycanın davamlı uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb.
Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilməsi bu siyasətin böyük uğurudur. Dövlətimizin başçısı öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yüksəldib.
Tədbirdə Namiq Əhmədov, Axund hacı Soltan, Axund hacı Şünasi və şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova çıxış edərək, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərininin olduğunu vurğulayıblar. Ulu Öndərin həyat fəaliyyətindən danışan natiqlər, dahi şəxsiyyət Heydər Əliyevin ömrünü öz xalqına həsr edərək Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.
Daha sonra Ulu Öndərin əziz xatirəsinə dualar oxunub və ehsan süfrəsi açılıb.