Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Zirə qəsəbə sakinləri ilə səyyar görüş keçiriblər
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Zirə qəsəbə sakinləri ilə səyyar görüş keçiriblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən yerlərdə sakinləri narahat edən məsələlərin araşdırılması və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi olaraq səyyar qəbullar keçirilir.
5 sentyabr tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Milli Məclisin deputatı Soltan Məmmədovla birgə Zirə qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
Zirə Mədəniyyət Mərkəzində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zirə bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.
Sonra Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edərək, əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, səyyar görüş zamanı səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə iştirak edən qəsəbə sakinləri rayonda və eləcədə Zirə qəsəbəsində gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bildiriblər.