Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Mərdəkan qəsəbəsində yerləşən ümumtəhsil müəssisələrinin şagird və valideynləri ilə görüş keçirib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən rayonun Mərdəkan qəsəbəsində yerləşən 123, 181 və 183 nömrəli tam orta məktəblərin, eləcə də Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagird və valideynləri ilə görüş keçirilib.
Görüşdə şəhid ailələrinin üzvləri, din xadimləri, ağsaqqallar, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Mərdəkan bələdiyyəsinin sədri, həmçinin adıçəkilən təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüş zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydalarına riayət olunması, bu sahədə vahid yanaşmanın təmin edilməsi, eləcə də müvafiq normativ hüquqi aktların tələblərinin izahı ilə bağlı məsələlər müzakirə olunub.
Sakinlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr və 6 oktyabr tarixli müvafiq qərarları ilə dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilib.
Bildirilib ki, təhsilalanların müəyyən olunmuş geyim formalarına əməl etməsi, ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilməməsi, həmçinin təhsilverənlərin geyimlərinin təsdiq edilmiş tələblərə uyğun olması təhsil müəssisələrində vahid yanaşmanın, nizam-intizamın və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Həmçinin məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında səmərəli kommunikasiyanın qurulmasının, geyim qaydalarının mahiyyəti və hüquqi əsaslarının düzgün izah edilməsinin, eləcə də hər bir şagird üçün təhlükəsiz, bərabərhüquqlu və ayrı-seçkilikdən uzaq təhsil mühitinin təmin edilməsinin vacibliyi vurğulanıb.






