Xəzər Rayon İcra Hakimiyyətində “Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi” mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilmişdir.
Tədbirdə RİH başçısının I müavini Elşən Qurbanov, RİH başçısının müavini Əfsar Mirzəliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, RİH başçısı Aparatının şöbə müdirləri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri və digər məsul şəxslər iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan RİH başçısının I müavini bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi, sahibkarların maraqlarının müdafiəsi, məlumatlılıq səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov sahibkarların hüquq və iqtisadi mənafelərinin müdafiə olunması, təşəbbüslərinin dəstəklənməsi, fəaliyyətlərinin əlaqələndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və digər istiqamətlərdə sahə və peşə assosiasiyalarının yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Sonda bir daha bildirilib ki, rayon ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən assosiasiyaların yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.