Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

19 noyabr 2026 | 12:28

Xəzər Rayon İcra Hakimiyyətində 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti, rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib.

Müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul əməkdaşları, həmçinin idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, rayonun xidmət sahələrinin məsul şəxsləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov payız-qış mövsümünə hazırlıq istiqamətində görülmüş işlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev rayonda payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, qış aylarında havaların kəskin soyuması, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar qərargah üzvləri və rayonun təsərrüfat xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün zəruri tədbirlər görüləcək. Eyni zamanda, aidiyyəti idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələr diqqətə çatdırılıb.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Anar Tağıyev, Məmməd Qasımov və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev şəhər təsərrüfatının payız-qış mövsümündə dayanıqlı fəaliyyətinin təmin olunması üçün bütün təsərrüfat subyektlərində təxirəsalınmaz hazırlıq tədbirlərinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Onlar qış şəraitində fəaliyyət göstərəcək qərargahın, kommunal və təsərrüfat xidmətlərinin, eləcə də aidiyyəti qurumların üzərinə düşən vəzifələri tam həcmdə yerinə yetirməyə hazır olmalarının zəruriliyini vurğulayıblar.

Müşavirədə payız-qış mövsümünə hazırlığın yekun vəziyyəti ətrafında geniş müzakirələr aparılıb, fikir mübadiləsi keçirilib. Müzakirələr zamanı mövcud problemlərin həlli və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər