Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib

26 oktyabr 2024 | 15:28

     Oktyabrın 26-da Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi, Heydər Əliyev Fondu və Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Təbiət üçün əl-ələ” şüarı altında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı yaşıllaşdırma işləri aparılıb, Abşeron yarımadasının təbiətinə asan uyğunlaşan ağaclar əkilib.
     Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda təşkil olunan ağacəkmə aksiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin övladları da iştirak ediblər.
     Layihənin təşəbbüskarı, Milli Məclisin deputatı Soltan Məmmədov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan və 8 Noyabr - Zəfər Gününə həsr olunan aksiyanın Azərbaycanda keçiriləcək COP29 konfransına dəstəyin və ümumilikdə təbiətin qorunması ilə bağlı təşəbbüslərlə həmrəyliyin ifadəsi olduğunu vurğulayıb: “Tədbirdə iştirak edən uşaqlar müstəqil, inkişaf edən və dünyada nüfuz qazanmış ölkənin vətəndaşlarıdır. Bu aksiyaya cəlb olunan uşaqların ataları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək həm də uzun illər ərzində ekosidə məruz qalmış böyük bir bölgəni ekoloji fəlakətdən xilas ediblər. Ona görə də bu uşaqların belə bir aksiyada iştirakı xüsusi məna daşıyır. Onların sosial rifahını, təhsil almaq, asudə vaxtlarını keçirmək imkanlarını təmin etməliyik. Ağacəkmə aksiyasında iştirak onlar üçün bir məktəbdir. Bu, bir ağaca həyat verməkdir, həm də ölkəmizin inkişafı naminə bizim həmrəyliyimizi göstərir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr içərisində ən önəmlilərdən biri şəhid ailələrinə dəstəkdir. Əminəm ki, bu tədbir bizim bir-birimizlə təmasımızı artıracaq. Çinin Azərbaycandakı səfirliyinin aksiyaya dəstəyi isə ölkələrimiz arasında olan ikitərəfli münasibətlərin dinamikasının bariz nümunəsidir”.
    Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao belə nəcib təşəbbüslərə dəstək olmaqdan məmnunluğunu ifadə edib. Ətraf mühitin qorunması və ekoloji problemlərin həllində gənclərin fəal iştirakının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bugünkü nəcib təşəbbüsdə iştirak etmək bizim üçün çox xoş oldu. Şəhid övladlarına yönəlmiş müxtəlif layihələrə dəstək olmağa hazırıq. Bugünkü aksiya da onların düzgün yetişməsi üçün bir addımdır. COP29 ərəfəsində belə bir təşəbbüsün həyata keçirilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Aksiyada iştirak edən uşaqlara təhsillərinə xüsusi önəm verməyi, bilik və bacarıqlarını daim təkmilləşdirməyi, dünyamıza fayda verəcək daha yaxşı kadrlar kimi yetişməyi arzulayıram”.
    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında qeyd olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən bu aksiya təbiətə qayğının nümunəsi olmaqla yanaşı, şəhid ailələrinin daim diqqət mərkəzində olduğunun göstəricisidir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xəzər rayonunda 20 minə yaxın ağac və kol əkilib. Qəhrəmanlarımızın yadigarlarının iştirakı ilə bu gün keçirilən aksiya digərlərindən fərqlənirdi. Hər birimiz dövlətimizin Azərbaycan gəncliyinin parlaq gələcəyinə hesablanmış siyasətinə öz fəaliyyətimizlə dəstək olmağa çalışırıq. Gənclərimizin vətənpərvər, ölkəmizin ətraf mühitinin mühafizəsinə, inkişafına dəstək olan qüvvə kimi yetişməsi naminə əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə o əlavə edib.
     Milli Məclisin deputatı Günay Əfəndiyeva, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bu cür təşəbbüslərin cəmiyyətdə ümumi maraqlarla bağlı məsələlər ətrafında həmrəyliyə mühüm töhfə verdiyini vurğulayıblar. Şəhid ailələrinə qayğının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu bildirilib. Ekoloji problemlərin həllində bütün bəşəriyyətin fəal iştirakının vacibliyi qeyd edilib.
    Tədbirin sonunda Heydər Əliyev Fondu, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi adından şəhid övladlarına hədiyyələr təqdim olunub.
Aksiyada iştirak edən şəhid baş gizir Mirzə Axundovun qızı Zərifə Axundzadə həm maraqlı vaxt keçirdiyini, həm də yeni dostlar qazandığını deyib: “Aksiyada iştirak etdiyimə görə çox sevinirəm. Ağac əkməklə təbiətə töhfə vermiş olduq. Biz atalarımızın canı, qanı bahasına ərazi bütövlüyünü təmin edən ölkəni onların əmanətləri olaraq yaşıllaşdırırıq. Hamını təbiəti qorumağa səsləyirəm”.
    Ağacəkmə aksiyasının iştirakçıları arasında olan və bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında Xəzər rayonu üzrə ən yüksək bal toplayanlar Hüseyn Zeyqəm və Aydan Xanəhmədli gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu və ölkəmizin inkişafı naminə böyük işlər görə biləcəyini qeyd ediblər. Bildirilib ki, ərazi bütövlüyümüz uğrunda 44 gün davam edən savaşda böyük rəşadət göstərən Azərbaycan gəncliyi bu gün ölkənin rifahı, çiçəklənməsi naminə tədbirlərə, azad edilmiş ərazilərin bərpasına fəal qoşulub. Qeyd olunub ki, gənclər həm cəmiyyətdə yaşıl düşüncəni formalaşdırmağa, həm də qarşıdan gələn COP29 tədbirinin ən yüksək səviyyədə keçirilməsi üçün üzərlərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirməyə çalışırlar. H.Zeyqəm və A.Xanəhmədli şəhid övladları ilə birgə aksiyada iştirakın onları duyğulandırdığını deyib və bütün həmyaşıdlarını ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək olmağa çağırıblar.
    Tədbir çərçivəsində, həmçinin şəhid övladlarına “Vəhşi robot” cizgi filmini izləmək imkanı yaradılıb.

 

https://azertag.az/xeber/sehid_ovladlarinin_istiraki_ile_agacekme_aksiyasi_kechirilib-3247740?fbclid=Iw

Y2xjawGL8f5leHRuA2FlbQIxMAABHSLtRzoP-tJolpx28hSlx8LmDbAHWaar9nYreUeScN7jk-4ZXJJCH38Ogw_aem_RiFKk3bN7QbpnV0y67J_jA

 

 

Keçidlər