Rəqəmsal xidmətlərdən və “mygov” platformasından istifadənin təşviqi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Xəzər rayonunda əhalinin rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılması və vətəndaşların “mygov” platformasından istifadəsinin təşviqi məqsədilə növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Şahin İskəndərov “mygov” platformasının imkanları, üstünlükləri və dövlət xidmətlərindən rəqəmsal formada istifadənin əhəmiyyəti barədə məlumat verib.
Qeyd olunub ki, hazırda dövlət xidmətlərinin rəqəmsallaşdırılması və müvafiq xidmətlərin “mygov” vahid rəqəmsal platformasına inteqrasiyası istiqamətində ardıcıl işlər həyata keçirilir. Təlim iştirakçılarına “mygov” platformasının vətəndaşlara dövlət xidmətlərindən vahid rəqəmsal mühitdə, məsafədən, daha sürətli və rahat şəkildə istifadə etmək imkanı yaratdığı bildirilib. Platforma vasitəsilə müxtəlif elektron xidmətlərdən yararlanmaq, məlumat və sənədlərə rəqəmsal formada çıxış əldə etmək mümkündür. Vurğulanıb ki, rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi vətəndaşların vaxtına qənaət etməklə yanaşı, dövlət xidmətlərində fiziki təmasın minimuma endirilməsinə, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Təlim çərçivəsində iştirakçılara “mygov” platformasının funksiyaları və istifadə imkanları barədə ətraflı məlumat verilərək platformanın əhali arasında geniş təbliğinin əhəmiyyəti diqqətə çatdırılmış, eləcə də vətəndaşlara tətbiqdən istifadəyə dair zəruri dəstəyin göstərilməsi istiqamətində işlərin davam etdiriləcəyi qeyd olunmuşdur.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






